14:03
693
“Ukraynanın son zamanlar Rusiya ərazilərinə, xüsusilə də strateji obyektlərə həm Krımda, həm Kerç boğazında geniş miqyasda hücumlarının şahidi oluruq. Hətta Moskva şəhərində belə hədəflərə hücumların şahidi oluruq. Bunun qısa müddət ərzində müharibənin taleyini həll etməsi real görünmür. Amma Rusiyanın mövqeyinə təsir edəcək”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri Xəyal Bəşirov söyləyib.
O əlavə edib ki, müharibədə bir var Rusiya arxa cəbhədən tam rahat, əmin şəkildə müharibə aparsın, bir də var arxa cəbhədə mülki, strateji obyektlərin vurulması baş versin: “Hər an istənilən bir şəhərə, mülki və ya enerji obyektlərinə hücumların olub-olmayacağı ilə bağlı əminlik olmadığına görə Rusiya ordusunun rahat şəkildə müharibəni davam etdirməsi imkanları məhdudlaşır. Eyni zamanda, enerji resurslarının hədəfə alınması Rusiyanın iqtisadiyyatına birbaşa ciddi zərbə təsiri ortaya qoyur. Bu da Rusiyanın müharibə etmə qabiliyyətinə təsir göstərəcək. Amma müharibənin taleyini həll edəcəyini düşünmürəm. Bu, uzun müddət Ukraynaya bütün istiqamətlərdə dəstək verən Qərb ölkələrinin növbəti taktikasıdır ki, Ukraynaya münasibətdə bu taktikadan istifadə edib Rusiyanın ən azından hücumlarını ləngitmək, hücumlarının kəsərini zəiflətmək məqsədi daşıyır”.
X.Bəşirovun sözlərinə görə, indiki mərhələdə şahid oluruq ki, bu, Rusiyanın indiki hücumlarına təsir göstərir: “Rusiya əvvəlki sürətlə əraziləri nəzarəti altına götürə bilmir. Əksinə, bəzi ərazilərdə ya yerində durmaq, ya da geri çəkilmək məcburiyyətində qalır. Təbii ki, indiki imkanları çərçivəsində Ukraynanın işinə bu da yarayır. Amma bu, qeyri-müəyyən müddətə davam edəcək bir proses ola bilməz. Etsə belə heç Ukraynanın da işinə yaramayacaq. Bu baxımdan düşünürəm ki, bu, indiki mərhələdə mümkün qədər Rusiyanı qəbuledilməz şərtlərindən imtina edərək danışıqlara məcbur etmək niyyətidir. Təbii ki, bunu da zaman göstərəcək”.
Röya İsrafilova