Tiflis seçkidən sonra: Mişa hədəfinə niyə çatmadı? Dünya

Tiflis seçkidən sonra: Mişa hədəfinə niyə çatmadı?

Saakaşvili nəticələri tanımadığını bəyanlayıb

Hazırkı açıqlanan rəqəmlər göstərir ki, Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyası 2012-ci ilə nisbətən səs itirib.
Bu sözləri Gürcüstanda oktyabrın 8-də keçirilən parlament seçkilərinin nəticələrini Axar.az-a şərh edən politoloq, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. F.Mehdiyevin sözlərinə görə, hakim partiyanın seçkilərdə qazanmasının səbəbi iqtisadi uğurlarıdır:
"Gürcüstan Mərkəzi Seçki Komissiyası seçici səslərinin 99,41 faizinin nəticələrini elan edib və sayılmayan səslər artıq heç nəyi dəyişməyəcək. Beləliklə, 48,61 faiz səs toplayan Gürcü Arzusu hakimiyyəti əlində saxlayacaq. Əlbəttə, bu nəticə ötən seçkidən daha aşağıdır, ancaq nəzərə almaq lazımdır ki, Vahid Milli Hərəkat Partiyası da səs itirib və 27,04 faiz seçici dəstəyi qazanıb.
Gürcüstanda D`Hondt sistemi tətbiq olunur, yəni digər partiyalar barajı aşa bilmədiyi üçün boş yerlər Gürcü Arzusu və VMHP arasında bölünəcək. Səs faizlərini nəzərə alsaq, deməli, parlamentdə 24 faizdən bir qədər artıq boşluq var və bu ikiyə bölünəcək. Nəticə etibarilə Gürcü Arzusu parlamentdəki yerlərin 50 faizindən çoxunu (təxminən 60 faizini) götürməklə təkbaşına iqtidar olacaq.
"Gürcü Arzu"sunun uğurunun səbəbi 8 faizlik iqtisadi artım, milli valyutanın güclənməsi, həmçinin Avropa ilə viza rejiminin sadələşdirilməsidir".
Politoloq vurğulayıb ki, Gürcüstanda xalq hakimiyyətin dəyişməsində maraqlı olmadı:
"Buna görə də Gürcüstanın xarici, o cümlədən Azərbaycanla bağlı siyasətində dəyişiklik olmayacaq. Ancaq əlbəttə, Vahid Milli Hərəkat Partiyası ana müxalifət kimi proseslərə təsir imkanını da saxlayacaq".
Politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Gürcüstanda keçirilən parlament seçkilərində Rusiyaya bağlı İvanaşvili kölgəsində olan "Gürcü arzusu" qalib gəldi. İvanaşvili Kremlə bağlı bir siyasətçi olaraq, rəsmi Moskvanın siyasəti ilə uzlaşacaq. Seçkidən sonra Rusiya ilə yarı-gizli və yarı-açıq təmaslar inkişaf etdirəcək. Qərbin Gürcüstanda mövqeləri zəifləyəcək. Eks-prezident M.Saakaşvilinin lideri olduğu "Vahid Milli hərəkat"ına qalıb olmaq üçün imkan verilmədi. Çünki,ABŞ və Qərb əvvəlki illərdə olduğu kimi yetərincə dəstək vermir. Saakaşvili vaxtı ilə ABŞ-ın fəal dəstəyi ilə hakimiyyətə gəlmişdir. Hazırda, isə ciddi dəstək ABŞ tərəfindən yoxdur. Bu da, "Vahid Milli Hərəkat"ın məğlubiyyəti ilə nəticələndi. Gürcüstan da siyasi situasiya mürəkkəbdir və əsasən rolu gizli rəsmi Kreml oynayır. Seçkidən sonra İvanaşvili dəstəkli yeni hakimiyyət, Ermənistana Rusiyanın hərbi dəhlizini inkişaf etdirəcək. Quru yolla Rusiyadan Ermənistana hərbi təyinatlı yüklər daşınacaq. "Gürcü arzusu" Gürcüstanı arzuladığı inkişafa yox, geriyə aparacaq. Regionda güclü Qərb Rusiya soyuq savaşı yaşanır. Rusiya istənilən halda "Gürcü Arzusu"na tam dəstəyini ifadə edib və edəcək. Yenidən Azərbaycan la enerji sahəsində problemlər olacağını istisna etmirəm.Yeni hakimiyyətin şantaj yolun seçəcəyini gözləyirəm. Yeni hökumətin enerji siyasəti, Moskvadan diktə ediləcək.
Onu da qeyd edək ki, Bidzina İvanişvili özü seçkinin nəticələrini yazıb və bunu Mərkəzi Seçki Komissiyası adından əhaliyə bəyan edib.
Bunu jurnalistlərə açıqlamasında Vahid Milli Hərəkat Partiyasının lideri Qiqa Bokeriya söyləyib. Onun sözlərinə görə, məhz bu səbəbdən Vahid Milli Hərəkat Partiyası parlament seçkisinin nəticələrini legitim hesab etmir.
O, bu seçkinin xalqın iradəsini əks etdirmədiyini bildirib:
"Hökumətin bütün təhdidlərinə rəğmən bizi müdafiə edən bütün tərəfdarlarımıza təşəkkür edirik. Partiyamız təslim olmayacaq və bundan sonra da siyasi mübarizə davam edəcək".
Yeri gəlmişkən, son məlumata görə, Gürcüstanda keçirilən parlament seçkilərində üç erməni əsilli namizəd qalib gələrək deputat adını qazanıb.

Erməni KİV-in verdiyi xəbərə görə, seçki nəticələrinə əsasən Henzel Mkoyan, Samvel Manukyan və Ruslan Pogasyan 2016-2020-ci illərdə Gürcüstan parlamentinin deputatları olacaq.

Hər üç namizəd "Gürcü arzusu" partiyasının namizədləridir.

Gürcüstanda keçirilən seçkilərdə Azərbaycan əsilli deputatlar da səs vermədə qalib gələrək deputat adını qazanıb. Savalan Mirzəyev və Ruslan Hacıyev Gürcüstan parlamentinin deputatı adını qazanıb.