"Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 140-a çatıb Dünya

"Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 140-a çatıb

"Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 140 nəfərə çatıb.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

"Təəssüf ki, vəziyyəti son dərəcə ağır olan yaralılardan biri xəstəxanada dünyasını dəyişib. Həkimlər mümkün olan hər şeyi ediblər", - Muraşko qeyd edib.

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün tədbirlər yekunlaşıb.

"Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına yerləşdirilib.