ATƏT ABŞ-dakı seçkilərdən narazıdır Dünya

ATƏT ABŞ-dakı seçkilərdən narazıdır

Rəsmi Vaşinqtonun ATƏT qarşısında götürdüyü öhdəliklərə zidd olaraq, beynəlxalq müşahidəçilərə ABŞ-ın bütün ştatlarında prezident seçkilərini izləməyə imkan verilməyib.
Bu barədə ATƏT-in ABŞ-da keçirilmiş prezident seçkilərinə dair yaydığı bəyanatda bildirilir
"Bir çox ştatlar seçkilərə müşahidəni tam şəkildə tənzimləmir, prezident seçkilərinə əcnəbi müşahidəçilərin buraxılması məsələsinə dair qərarları ştatın və yaxud dairənin rəsmiləri verir. ABŞ-ın ATƏT qarşısında götürdüyü öhdəliklərə zidd olaraq erkən səsvermə zamanı və noyabrın 8-də beynəlxalq müşahidəçilərə bütün ştatlarda seçki prosesini izləməyə imkan verilməyib", - deyə bəyanatda qeyd olunur.
ATƏT-in hesablamalarına əsasən, ölkədə səsvermə hüququna malik olan 35 milyon seçici seçkilərdə iştirak etmək üçün qeydiyyata alınmayıb. ATƏT missiyası eyni zamanda bildirib ki, mövcud qaydalar prezident postu uğrunda mübarizə aparmaq üçün kiçik partiya nümayəndələri və müstəqil namizədlərə çətinlik yaradır. Məlumata görə, ABŞ-dakı seçkilərə dair yekun məruzə 2-3 aydan sonra dərc ediləcək. Qeyd edək ki, seçki prosesini 44 ölkəni təmsil edən 300-dən çox beynəlxalq müşahidəçi izləyib.