Aİ liderləri Ukrayna, Yaxın Şərq və Türkiyəni müzakirə edəcəklər Dünya

Aİ liderləri Ukrayna, Yaxın Şərq və Türkiyəni müzakirə edəcəklər

Aprelin 17-18-də Brüsseldə keçiriləcək Aİ sammitində Aİ ölkələrinin dövlət və hökumət başçıları gündəmdə olan xarici siyasət məsələləri müzakirə edəcəklər.

Bu barədə Avropa İttifaqı Şurasından bildiriblər.

Məlumata əsasən, Ukrayna ilə bağlı müzakirədən əvvəl Ukrayna prezidenti Volodimir Zelenskinin videobağlantı vasitəsilə çıxışı olacaq.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa liderlərinə sammitə dəvət məktubunda yazıb ki, Ukrayna ilə bağlı “hərbi yardımımızın, xüsusən də hava hücumundan müdafiə vasitələrinin təmin edilməsini intensivləşdirməyə təcili ehtiyac var”.

Aİ liderləri Yaxın Şərqdəki vəziyyəti nəzərdən keçirəcəklər. “Dərhal atəşkəs və girovların azad edilməsi, eləcə də Qəzzaya maneəsiz, genişmiqyaslı humanitar yardımın təcili artırılması yolu ilə Qəzzada faciəli böhrana son qoymaq üçün tərəfdaşlarımızla işləmək öhdəliyimiz həlledici olaraq qalır”, - deyə Ş.Mişel məktubunda bildirib.

Bundan əlavə, Aİ ölkələri başçıları Türkiyə ilə münasibətləri müzakirə etməli olacaqlar. Türkiyə ilə bağlı strateji müzakirələrin” “qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində strateji marağa” əsaslanacağı gözlənilir.