Netenyahu həbs ediləcək? Dünya

Netenyahu həbs ediləcək?

Bayden İsrailin Qəzza zolağındakı hərəkətlərini soyqırım hesab etmədiyini bildirib

Ötən ilin oktyabr ayında İsrailə qarşı edilən HƏMAS terror aktı olub ki, İsraili rəsmilərinin bildirdiyinə görə bunun nəticəsində 1,200 nəfər həlak olub və 250-yə yaxın adam girov götürülüb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzada bundan sonrakı əks-həmləsi 35,000-dən çox fələstinlinin həyatına son qoyub ki, bu sıraya dinc sakinlərlə yanaşı döyüşçülər də daxildir. Lakin nazirlik ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğunu bildirir. İsrail isə bildirir ki, ölənlərdən 14 mini militant və təqribən 16 mini isə mülki vətəndaşdır. İsrailin Qəzzada hərbi əmiliyyatlar aparması dünyacnın bir çox ölkələrinin narazılığına səbə olub. Bundan irəli gəlib ki, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan İsrail Baş naziri Benyamin Netanyahunun həbsinə order verilməsini tələb edib. Prokuror bildirib ki, Netanyahu hərbi və insanlıq əleyhinə cinayətlərinə görə məsuliyyət daşıya bilər. Prokuror bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant və HƏMAS-ın 3 liderinin həbs edilməsi barədə də order verilməsini tələb edib.
Kərim Xan verdiyi açıqlamasında bildirib ki, onun ofisi Netanyahu və Qallantın müharibə üsulu olaraq, mülki əhalinin aclığa məhkum edilməsi və mülki əhaliyə qarşı qəsdən hücumlar da daxil edilməklə, müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlərə görə, "cinayət məsuliyyəti daşımalı" olduğunu hesab edir.
"Mənim ofisim bildirir ki, bu addımlar müharibə üsulu kimi aclıqdan və Qəzzanın mülki əhalisinə qarşı digər zorakılıq aktlarından HƏMAS-ı məhv etmək, HƏMAS-ın oğurladığı girovların geri qaytarılmasını təmin etmək üçün ümumi planın bir hissəsi, eləcə də İsrail üçün təhdid hesab etdikləri Qəzzanın mülki əhalisini kollektiv şəkildə cəzalandırması” üçün atılır" - deyə, Xan açıqlamasında bildirib.
Xan Sinvardan başqa, HƏMAS-ın hərbi qanadının komandiri Məhəmməd Diab İbrahim Əl-Masri və HƏMAS;n siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin də hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıdığını bildirib. Xan HƏMAS rəsmilərinə qarşı ittihamlar arasında qətl, girov götürülmə, zorlama və digər cinsi zorakılıq və işgəncələr kimi müharibə cinayətlərinin yer aldığını bildirib.
"Mənim ofisim hesab edir ki, bu şəxslər 2023-cü il oktyabrın 7-də cinayəti planlaşdırıb və təhrik edib və oğurlandıqdan qısa müddət sonra girovlara şəxsən baş çəkmək də daxil olmaqla bu cinayətlərə görə məsuliyyətlərini etiraf ediblər. Biz bildiririk ki, bu cinayətlər onların göstərişi olmadan törədilə bilməzdi."
Netanyahu BCM-nin baş prokuroru Xanın həbs qərarı üçün müraciəti ilə bağlı video bəyanat yayıb. Baş prokurorun müraciətinin "absurd və yanlış" olduğunu müdafiə edən Netanyahu bunun "bütün İsrail dövlətinə və ordusuna qarşı yönəldiyini" iddia edib.
Oktyabrın 7-dən bu yana Qəzzada böyük humanitar fəlakətə səbəb olan hücumların davam edəcəyinə diqqət çəkən Netanyahu, "Söz verirəm ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin HƏMAS-ı devirməsinə mane olmayacaq" deyib.
İsrailin Qəzzaya hücumlarına son qoyulması və Fələstinə dəstək məqsədi ilə bir çox ölkədə universitetlərdə keçirilən nümayişlərə də toxunan Netanyahu, sözügedən tətbiqin "universitet şəhərciklərindən ICC-yə daşınan antisemitizmin yeni bir nümunəsi" olduğunu iddia edib.
İsrailin müdafiə naziri Yoav Qallant verdiyi açıqlamada onun və Netanyahunun həbsinə order verilməsi tələbini Qəzza müharibəsinə müdaxilə etmək üçün "rüsvayçı cəhd" kimi qiymətləndirib.
Qeyd edək ki, aprelin 19-da İsraildə yayımlanan Kanal 12 televiziyasının xəbərində BCM-nin Qəzza zolağında müharibə cinayətləri törətdikləri səbəbilə baş nazir Benyamin Netanyahu və yüksək səviyyəli İsrail rəsmiləri üçün beynəlxalq həbs qərarı çıxarmaq üzərində çalışdığı açıqlanıb.
Netanyahu, "Məhkəmənin İsrail üzərində səlahiyyəti yoxdur; hərbi cinayətlər səbəbilə hərbçilərə və dövlət məmurlarına qarşı həbs orderi vermə ehtimalı tarixi qalmaqal və antisemitizmdir" deyib.
Qeyd edək ki, İsrailin “Walla” internet saytında yer alan xəbərdə, İsrail rəsmilərinin son iki həftədə BCM-nin Netanyahu, müdafiə naziri Yoav Qallant və İsrail Baş Qərargah rəisi Herzi Halevi üçün həbs orderi verməyə hazırlaşmasından daha çox narahat olduğu bildirilib.
İsrail Xarici İşlər Nazirliyi həmçinin dünyadakı səfirliklərindən BCM-nin İsrail rəsmilərinin həbsinə order verəcəyi təqdirdə yarana biləcək fəsadlara hazır olmalarını xahiş edib.
Netanyahu, həbs qərarı verilməsinin mümkünlüyünə işarə edərək, “azad dünyanın liderlərini bu təhlükəli addımı dayandırmaq üçün bütün təsir imkanlarından istifadə etməyə” çağırıb.
ABŞ Prezidenti Co Bayden açıqlamasında deyib ki, Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun İsrail liderlərinə qarşı həbs orderi tələb etməsi təhqiredicidir. O, tərəfləri bərabər tutmağın düzgün olmadığını bildirib: “Bir məsələyə aydınlıq gətirim - prokurorun nəyi nəzərdə tutmasından asılı olmayaraq, İsraillə HƏMAS arasında heç bir ekvivalentlik yoxdur. Biz İsrailin təhlükəsizliyinə qarşı istənilən təhdiddə həmişə onun yanında olacağıq”.
ABŞ prezidenti Co Bayden İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağındakı hərəkətlərini soyqırım hesab etmədiyini bildirib. Amerika lideri Ağ Evin Qızılgül bağında ABŞ-ın yəhudi irsinə həsr olunmuş qala-qəbulda çıxış edib. "Açıq deyim: Beynəlxalq Cinayət Məhkəməsində İsrailə qarşı irəli sürülən ittihamların əksinə olaraq, Qəzza zolağında baş verənlər soyqırım deyil. Biz bunu rədd edirik. Biz İsrailin yanındayıq", - Bayden administrasiyasının mövqeyini təkrarlayıb.
Onun sözlərinə görə, ABŞ Qəzzada Fələstinin radikal HƏMAS hərəkatının lideri Yəhya Sinvarın kimliyini müəyyən etməkdə İsrailə kömək edir. "Biz Sinvarın və HƏMAS-ın qalan qəssablarının məhv edilməsində İsrailin yanındayıq. Biz HƏMAS-ın məğlub olmasını istəyirik və bunu reallaşdırmaq üçün İsraillə işləyirik", - Bayden əlavə edib.
Onu da qeyd edək ki, ABŞ Konqresi İsrail Baş naziri Benyamin Netanyahuya qarşı həbs qərarı çıxaracağı təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) sanksiya tətbiq etməyi planlaşdırır. Bu barədə Nümayəndələr Palatasının spikeri Mayk Consonun yaydığı bəyanatda deyilib. Onun sözlərinə görə, BCM-in prokurorunun Netanyahunun həbsinə order verilməsi tələbinə ABŞ Prezidenti Co Bayden administrasiyasının İsrailə təzyiq kampaniyası səbəb olub. “Beynəlxalq Cinayət Məhkəməsi cəzalandırmaq və həbs qərarı ilə irəliləyəcəyi təqdirdə onun rəhbərliyinin nəticələrlə üzləşməsini təmin etmək üçün sanksiyalar da daxil olmaqla, bütün variantları nəzərdən keçiririk. BCM-nin səlahiyyətləri İsrail və ya ABŞ-a şamil edilmir və prokurorun əsassız və qeyri-qanuni tələbi qlobal qınağa məruz qalmalıdır”, - Conson bildirib.
Consonun fikrincə, BCM İsrail rəsmilərini terrorçularla eyniləşdirməyə çalışır: “Əgər BCM-nin İsrail rəhbərliyini təhdid etməsinə icazə verilsə, onda növbəti hədəf bizim rəhbərliyimiz olacaq”.
İsrail prezidenti İsxak Hersoq bu açıqlamanın "hiddət doğurduğunu" və "beynəlxalq məhkəmə sisteminin nə dərəcədə dağılmaq təhlükəsi ilə üzləşdiyini göstərdiyini" bildirib. Herzoq X sosial media platformasında əlavə edib ki, "bu qəddar terrorçular ilə beynəlxalq hüquq prinsiplərinə tam riayət etməklə öz vətəndaşlarını qorumaq və müdafiə etmək vəzifəsini yerinə yetirmək üçün çalışan demokratik yolla seçilmiş İsrail hökuməti arasında paralellər aparmaq cəhdi hiddət doğurur və qəbuledilməzdir".
İsrailin xarici işlər naziri İsrael Katz Hersoqun açıqlamalarını təkrarlayaraq, Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu və Qallantın həbsinə order verilməsi tələbini “hiddət doğuran qərar" adlandırıb.
Avropa Birliyinin baş diplomatı Jozep Borrell Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun İsrail Baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və HƏMAS liderlərinin həbsinə order verilməsi tələbini şərh edib. Baş diplomat bu barədə X səhifəsində yazıb.
“Müstəqil beynəlxalq qurum kimi BCM-in mandatı beynəlxalq hüquq normalarına uyğun olaraq ən ağır cinayətləri təqib etməkdir”, - Borrell bildirib.
Politoloq Məhəmməd Əsədullazadə deyib ki, B.Netanyahu və Y. Qallant həmçinin kütləvi soyqırımı törədilməsi, müharibə dövründə işgəncə üsulu kimi insanların aclığa məhkum edilməsi, Qəzza bölgəsinə humanitar yardımların çatdırılmasına əngəl törədilməsi və digər hüquqazidd əməllərdə təqsirləndirilirlər: “Beynəlxalq Cinayət Məhkəməsi ədalətli qərar verib. Bunyamin Netanyahu və Y. Qallant Qəzzada insanlıq əleyhinə cinayət törədib. Bu şəxslər Beynəlxalq Haaqa Tribunalında ən ağır cəzaya məhkum edilməlidir. Serbinista soyqırımını törədən Serbiya liderləri kimi İsrailin liderləri həbs edilməsi dünyada ədalətin bərqərarı olar”.
Onu da qeyd edək ki, hələ ötən il Türkiyədə keçmiş AKP-çi deputat Mətin Külünk və vəkillər Mücahid Birinci ilə Burak Bəkiroğlu İsrail Baş naziri Benyamin Netanyahu barəsində iddia qaldırıb.
Beynəlxalq Cinayət Məhkəməsinə göndərilən iddiada qeyd edilir ki, Qəzza zolağına davam etdirdiyi zərbələrə görə İsrail hökumətinin başçısı məsuliyyət daşıyır.

Cavid