
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli rəsmi Kiyevi əmin edib ki, yeni adminstrasiya Krımın ilhaqını tanımayacaq.
Xarici KİV xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Vladimir Yelçenko məlumat verib. Onun sözlərinə görə, görüş bir neçə gün əvvəl baş tutub və yaxşı təsir bağışlayıb.
"O ABŞ-ın Ukraynaya dair siyasətinin ən əsas nüanslarını təsdiqlədi. Bildirdi ki, bizim ərazi bütövlüyümüzü tamamilə dəstəkləyirlər" –deyə diplomat jurnalistlərə bildirib.
Vladimir Yelçenko əlavə edib ki, Heyli ilə ABŞ və Rusiya arasındakı ikitərəfli münasibətlər də müzakirə olunub, bu əlaqələrin Ukraynaya zərər vurmadan aparılacağı qeyd olunub.
Rəsmi Vaşinqtonun siyasi kursunun dəyişə bilməsi ehtimalını şərh edən diplomat qeyd edib ki, uzun müddət Nyu-Yorkda çalışıb və ABŞ-da bir partiyadan digərinə keçməklə 4 və ya 5 adminstrasiya dəyişikliyinin şahidi olub. Rəsmi Vaşinqtonun isə müstəqil Ukraynaya dair mövqeyi dəyişməz olaraq qalıb: "Hərdən elə təəssürat yaranırdı ki, Respublikaçıların adminstrasiyaları Demokratlara nisbətən Ukraynaya daha müsbət yanaşırlar."
Donald Tramp hələ ABŞ prezidentliyinə namizəd olarkən seçkiöncəsi kampaniya zamanı Krımın Rusiyanın bir parçası kimi tanınması ehtimalını nəzərdən keçirəcəyini bildirmişdi:
"Eşitdiyimə görə, Krım xalqı əvvəl olduğu yerdən çox Rusiya ilə birgə olmağa üstünlük verərdi. Bunu nəzərə almaq lazımdır."