"Terrorizmin bütün formaları qəbuledilməzdir" Gündəm

"Terrorizmin bütün formaları qəbuledilməzdir"

Bəlucistanda qatarda günahsız insanların şəhid olması və onlarla insanın yaralanması ilə nəticələnən faciəvi hücum dərindən pislənilən terror aktıdır. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalması üçün dua edirik. Uca Allah mərhumlara rəhmət, yaxınlarına səbr versin.

Bunu xalqcebhesi.az-a İslam Gənclər Təşkilatının prezidenti Hammad Xan Kakar (Pakistan) deyib.

"Bu mərhələdə Pakistanın təhlükəsizlik və kəşfiyyat orqanlarının rəsmi araşdırması başa çatana qədər hücumu qəti şəkildə hər hansı konkret qrupa aid etmək məsuliyyətsizlik olardı. Bununla belə, son illərdə Bəlucistanda təhlükəsizlik qüvvələrini, dəmir yolu infrastrukturunu və ictimai obyektləri hədəf alan terror hadisələri tez-tez hakimiyyət orqanları tərəfindən bölgədə fəaliyyət göstərən silahlı separatçı təşkilatlarla, o cümlədən Bəluc Azadlıq Ordusu (BLA) və onlara bağlı şəbəkələr kimi qruplarla əlaqələndirilir" - o, deyib.

Kakar qeyd edib ki, terrorizmin bütün formaları qəbuledilməzdir və insanlıq, sülh və İslam prinsiplərinə ziddir: "İslam Gəncləri Təşkilatı Pakistanda sabitliyi pozmaq və mülki insanlar arasında qorxu yaratmaq məqsədi daşıyan hər bir zorakılıq aktını qətiyyətlə pisləyir. Biz milli birliyə, səbirli olmağa və qanuni araşdırmalara dəstək olmağa çağırırıq ki, günahkarlar məsuliyyətə cəlb olunsun".

Xatırladaq ki, mayın 24-də Pakistanın Kvetta şəhərində qatarın partladılması nəticəsində 24 nəfər ölüb, 50 nəfər isə yaralanıb.

Cavid