BP AÇG-də neftverməni artırmaq üçün yeni texnologiya tətbiq edib İqtisadiyyat

BP AÇG-də neftverməni artırmaq üçün yeni texnologiya tətbiq edib

BP şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi ilk dəfə olaraq bu yataqda multilüləli quyu (MLT) texnologiyasını uğurla tətbiq edib.

Bu barədə “APA-Economics” BP-yə istinadən xəbər verir.
“Bu, Xəzər dənizinin ən uzun müddət istismarda olan yataqlarından birindən neftvermə əmsalının maksimuma çatdırılması və hasilatın uzunmüddətli davamlılığının təmin edilməsi istiqamətində mühüm bir addımdır”, - məlumatda qeyd olunur.

MLT texnologiyasının tətbiqi AÇG yatağının mürəkkəb geoloji strukturlarında qazma işlərinin texniki çətinliklərini aradan qaldırmaqla yanaşı, platformalarda mövcud quyu şaxtalarının məhdudluğu probleminin həllinə də dəstək verir. Bu texnologiya bir quyu lüləsindən lay-kollektora bir neçə yerdən daxil olmağa imkan verməklə lay-kollektora çıxışı genişləndirmək, drenaj səmərəliliyini artırmaq və mövcud infrastrukturdan maksimum faydalanmaq üçün şərait yaradır.

İlk MLT quyusu olan C44 quyusu Qərbi Azəri platformasından qazılıb və artıq uğurla təhvil verilib. Bu, Xəzərdə indiyədək qazılmış ilk çoxlüləli quyu olmaqla, AÇG layihəsi üçün əlamətdar bir nailiyyətdir. Bu uğur MLT texnologiyasının AÇG yatağının mürəkkəb lay-kollektor şəraitində həm texniki cəhətdən tətbiqinin mümkünlüyünü, həm də yüksək iqtisadi səmərəsini aydın şəkildə göstərir.

AÇG yatağında texnologiyaların strateji tətbiqi çərçivəsində, bp bütün yataq miqyasında çoxlüləli quyuların qazılması məqsədilə geniş bir kampaniya həyata keçirməyi planlaşdırır. Bu kampaniyaya bu ilin ilk yarısında istismara verilməsi planlaşdırılan C44 və D41 quyuları da daxil olmaqla 2026-cı il ərzində üç MLT quyusu ilə start veriləcək. Uzunmüddətli perspektivdə isə 2027-2028-ci illər ərzində daha çox sayda çoxlüləli quyuların qazılması nəzərdə tutulur ki, bu da həmin texnologiyanın yatağın gələcək hasilatında mühüm rol oynayacağını bir daha vurğulayır.

AÇG-nin mürəkkəb lay-kollektorunu xarakterizə edən müxtəlif növ çətinlikləri yalnız MLT texnologiyası ilə həll etmək mümkün olmadığından, yatağın işlənmə strategiyası hər bir konkret lay hədəfi üçün ən optimal texnoloji konfiqurasiyanın tətbiqinə əsaslanır və bununla da müxtəlif geoloji mühitlərdə icra səmərəliliyinin yüksək səviyyəsi təmin olunur. Bura MLT texnologiyasının üfüqi qazma, qabaqcıl geonaviqasiya, eləcə də qum təzahürü ilə mübarizə və axının tənzimlənməsinə yönəlmiş ağıllı tamamlama sistemləri ilə birgə tətbiqi daxildir. Bu da bütün yataq miqyasında neftvermə əmsalını daha da artırmaq üçün geniş imkanlar yaradır.

BP AÇG-də neftverməni artırmaq üçün yeni texnologiya tətbiq edib