ABŞ narahatdır: Trampla Putinin oyunu... Dünya

ABŞ narahatdır: Trampla Putinin oyunu...

"Yaxın zamanlarda ABŞ-Rusiya münasibətlərində ciddi irəliləyişlərin olacağı qənaətində deyiləm".
Bunu açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Moskva və Vaşinqtonun irəli sürdüyü qarşılıqlı sərt ittihamların gərginliyi artıracağını düşünür:
"ABŞ Rusiya sərhədi boyunca Baltik dənizindən Qara dənizə qədər qoşun yığmaqda davam edir. Üstəlik, bu yaxınlarda Qara dənizin NATO dənizinə çevriləcəyini bəyanat etdilər. Bu, növbəti gərginliyin əlamətidir. Bundan başqa, Suriya məsələsində də mövqelər heç cür üst-üstə düşmür. Rusiyanın Suriyadakı hərəkətləri və İranın Rusiya ilə strateji əməkdaşlıq haqqında müqavilə imzalayacağına dair məlumat yayması ABŞ-ı ciddi narahat edir".
Politoloq onu da bildirib ki, Krım Ukraynaya geri qaytarılmazsa, bu, NATO ilə Rusiya arasında əbədi bir problemə çevriləcək:
"Zənnimcə, hazırkı danışıqlar prosesi imitasiya xarakteri daşıyır, həm Tramp tərəfindən irəli sürülmüş təşəbbüslərə, həm də Putinin elektoral bazasına təsir etmək üçün bir görüntüdür. Bu mənada ABŞ-Rusiya münasibətləri yenidən gərginləşəcək".