Dünyanı dəhşətə salan miqrant-xilasedici danışığı Dünya

Dünyanı dəhşətə salan miqrant-xilasedici danışığı

İtaliya və Maltanın xilasedici qüvvələrinin Aralıq dənizində 60-ı uşaq olan 268 nəfər miqrantın boğularaq ölməsinə şahidlik etmələri üzə çıxıb. Xarici media xəbər verir ki, sözügedən faktın üstü İtaliyanın "L’Espresso" jurnalının araşdırması nəticəsində açılıb. Jurnal faktı təsdiqləyən səs yazısını da yayaraq, İtaliya və Malta hökumətlərini ifşa edib.
Səs yazısından da aydın olur ki, 2013-cü ilin 11 oktyabr tarixində suriyalı Məhəmməd Jammo adlı həkim İtaliyanın Sahil Təhlükəsizliyi Xidmətinə zəng edərək, suda boğulmaq üzrə olduqlarını və təcili kömək edilməsini istəyir. İtaliyalı şəxslər isə Məhəmməd Jammoya deyiblər ki, Maltaya zəng etsin. M.Jammo isə onlara artıq Maltaya zəng etdiyini, heç bir kömək edilmədiyini söyləyir.
Səs yazısında Məhəmməd Jammo bildirir ki, Maltanın Sahil Təhlükəsizlik Xidməti əməkdaşları da onlara İtaliyaya zəng etmələri gərək olduğunu deyiblər. Miqrantların suda boğularkən İtaliyanın Sahil Təhlükəsizliyi Xidməti əməkdaşları ilə telefon söhbətlərinin stenoqramı belə olub:
Miqrantlar:
- Xahiş edirik, kömək edin, boğuluruq, ölürük, qayıq batmaq üzrədir!
İtaliyalı xilasedicilər:
- Maltanın xilasedicilərinə zəng edin, bizlik deyil!
Miqrantlar:
- Maltaya zəng etmişik, onlar "İtaliyaya zəng edin!" - deyə bizi yönləndirdilər. Yalvarırıq, bizə kömək edin!".
Jurnal qeyd edir ki, yalnız bundan təqribən 3,5 saat sonra Malta və İtaliyanın xilasedici gəmiləri miqrantların yaxınlığında görünür: "Ancaq yenə də miqrantları xilas etmək üçün addım atılmır, Malta və İtaliya xilasediciləri kimin birinci müdaxilə edəcəyi barədə mübahisə edirlər. Təqribən 5 saat sonra isə İtaliyadan olan xilasedicilər batan gəmiyə yaxınlaşır və 212 nəfər miqrant xilas edilir. Amma digər gəmidə olan 268 nəfər boğularaq ölmüşdü".