Kraliça Trampın Britaniyaya səfərini ləğv edibmi? Dünya

Kraliça Trampın Britaniyaya səfərini ləğv edibmi?

"The İndependent" qəzetinin yazdığına görə, Donald Trampın Birləşmiş Krallığa dövlət səfəri kraliça 2-ci Elizabeth tərəfindən ləğv edilib. Belə düşünməyə əsas verən budur ki, bu səfər barədə əlahəzrətin çərşənbə günü parlamentdə etdiyi ənənəvi çıxışında heç nə deyilməyib. Məqalədə deyilir ki, prezident Donald Trampla bu ilin əvvəllərində Ağ Evin həyətində "əl-ələ şəkil çəkdirmiş" baş nazir Teresa May ABŞ prezidentini Böyük Britaniyaya rəsmi dövlət səfərinə dəvət etmişdi. Lakin belə bir səfərin genişmiqyaslı etiraz aksiyalarına səbəb olacağı barədə ehtiyatlanmalar vardı.
İstər Downing Street, istərsə də Ağ Ev səfərin sual altında olduğu barədə iddiaları rədd ediblər. Buna baxmayaraq, Donald Tramp bir sıra hərəkətlərinə görə Britaniyanın siyasi dairələrində və ictimaiyyət arasında kəskin tənqid edilir. "The İndependent" yazır ki, bir qayda olaraq monarxın parlamentdəki nitqində bütün gözlənilən dövlət səfərləri sadalanır. Lakin bu çıxışında 2-ci Elizabeth bu il iyul ayında yalnız İspaniyanın kralı və kraliçası Felipe və Letizianı qonaqlayacağını elan edib.
Xanım May yanvar ayında Vashinqtona səfər edəndə Trampla yaxın münasibətlər qurulacağına ümid edirdi, çünki ABŞ prezidenti Britaniyanın Avropa İttifaqından ayrılmaq qərarını alqışlamışdı. Tramp habelə Britaniya ilə erkən ticarət sazişi bağlanacağını vəd etmişdi. Lakin Teresa Mayin Donald Trampı onun inaqurasiyasından ikicə həftə sonra Britaniyaya dəvət etməsi Birləşmiş Krallıqda siyasi dairələrdə narazılığa səbəb olmuşdu.
Bundan əvvəlki ABŞ prezidentləri Britaniyaya dövlət səfərlərini yalnız ikinci müddətlərində ediblər. Trampın Britaniyaya mümkün dövlət səfəri ilə əlaqədar Birləşmiş Krallıqda bir neçə etiraz petisiyaları imzalanıb və bu məsələyə Britaniya parlamentində baxılıb. Müzakirələr zamanı qeyd edilib ki, Trampın səfəri barədə xəbərlər getdikcə daha geniş tənqidlərə səbəb olur və Britaniya boyunca nəhəng etiraz aksiyalarına səbəb ola bilər.
"The İndependent" yazır ki, Tramp London meri Sadiq Xanı tənqid etdikdən sonra Britaniyada ABŞ prezidentinə münasibət daha da pisləşib. Tramp Sadiq Xanı London Bridge terror aktından sonra adamları narahat olmamağa çağırdığına görə tənqid etmişdi.
Xannın ofisi isə bunun cavabında bildirmişdi ki, London meri sakinləri sakitliyə çağırmaqla heç bir yanlış iş tutmayıb. Ağ Ev Trampın gözlənilən genişmiqyaslı etiraz aksiyalarına görə Teresa Mayə Britaniyaya gəlmək istəmədiyini deməsi barədə xəbərləri də təkzib edib. Britaniya hökuməti isə bəyan edib ki, xanım Mayin Trampı kraliçanın adından ölkəyə dəvət etməsi qüvvəsində qalır.