Bu gün Əməkdar memar Rasim Əliyevin doğum günüdür Mədəniyyət

Bu gün Əməkdar memar Rasim Əliyevin doğum günüdür

Bu gün müasir Azərbaycan memarlıq məktəbinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Əməkdar memar Rasim Əliyevin doğum günüdür.

AZƏRTAC xəbər verir ki, həyatını quruculuq işlərinə sərf edərək Azərbaycanda şəhərsalma, tikinti və memarlıq sahəsinin inkişafına layiqli töhfələr verən Rasim Əliyevin bu gün anadan olmasının 91-ci ildönümü tamam olur.

1934-cü il iyulun 16-da Gəncə şəhərində anadan olan R.Əliyev 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunu memarlıq ixtisası üzrə bitirib. Rasim Əliyev ali təhsilini başa vurduqdan sonra, 1958-1965-ci illərdə “Azərdövlətlayihə” İnstitutunda işləyib. O, 1965-1974-cü illərdə Bakı şəhərinin baş memarının birinci müavini və 1974-1988-ci illərdə baş memarı vəzifələrində çalışıb, eyni zamanda, 1980-1988-ci illərdə Azərbaycan Memarlar İttifaqının katibi olub.

Rasim Əliyev Bakının, eləcə də respublikanın digər şəhərlərinin planlaşdırılması və tikintisinə dair çox sayda layihənin müəllifi olub. İçərişəhərin regenerasiya planı da bilavasitə onun başçılığı ilə hazırlanıb. Ölkə miqyasında bir sıra obyektlərin layihələndirilməsi işinə rəhbərlik edən Rasim Əliyev özünün yüksək peşəkarlığı, təşəbbüskarlığı və əməksevərliyi sayəsində həmin layihələrin uğurla həyata keçirilməsində təqdirəlayiq fəaliyyət göstərib. Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan hava limanlarının, Bakı Metropoliteninin bir neçə stansiyasının, Bakı şəhərinin simasını müəyyənləşdirən bir çox binaların, yaşayış massivlərinin və əsas parkların, habelə paytaxtda və digər şəhərlərimizdəki mərkəzi meydanların və mədəniyyət saraylarının, həmçinin xatirə abidələrinin işlənib hazırlanmasında onun əvəzsiz xidmətləri vardır. Sənətkarın layihələndirdiyi bütün bu memarlıq nümunələri özünün maraqlı həcm-məkan kompozisiyası və monumentallığı ilə səciyyələnir. Rasim Əliyev zəngin irsi ilə memarların gənc nəslinin bədii-estetik zövqünün formalaşmasında və peşəkarlığının təşəkkülündə mühüm rol oynayıb.

Rasim Əliyevin ölkəmizdə memarlığın inkişafında xidmətləri və şəhərsalma sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilib. O, 1979-cu ildə Əməkdar memar fəxri adını alıb, 1982-ci ildə Dövlət mükafatına layiq görülüb, 2000-ci ildə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət”, 2009-cu ildə “Şərəf” və 2014-cü ildə “İstiqlal” ordenləri ilə təltif edilib.

Tanınmış memar 2021-ci ildə vəfat edib.