Rusiyada PUA hücumları nəticəsində 100-dən çox uçuş ləğv edilib Dünya

Rusiyada PUA hücumları nəticəsində 100-dən çox uçuş ləğv edilib

Ukrayna ordusunun paytaxt Moskva da daxil olmaqla, Rusiyanın müxtəlif şəhərlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirməsi nəticəsində 100-dən çox uçuşun ləğv edildiyi bildirilib.
Xalqcebhesi.az xəbər verir ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) Ukraynanın Rusiya ərazisinə etdiyi pilotsuz təyyarə hücumları ilə bağlı açıqlama yayıb.
Davamedici hücumlar səbəbindən 19-21 iyul tarixləri arasında ölkədə bir çox hava limanının fəaliyyətinə məhdudiyyətlər qoyulduğu qeyd olunub. Bu müddət ərzində çox sayda uçuşun ləğv edildiyi və ya təxirə salındığı bildirilir.
Açıqlamada, "20 iyul saat 08:00-dan 21 iyul saat 08:00-ə qədər Moskva bölgəsindəki hava limanları və Sankt-Peterburqdakı Pulkovo Hava Limanında ümumilikdə 118 uçuş ləğv edilib, 203 uçuş təxirə salınıb. Nəqliyyat Nazirliyi vəziyyətin sabitləşdirilməsi istiqamətində işlər aparır" ifadəsi yer alıb.

Rusiya Müdafiə Nazirliyi dünən saat 23:20-dən etibarən 100-dən çox Ukrayna pilotsuz təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən müxtəlif bölgələrdə vurulduğunu, onlardan 28-inin Moskva vilayətində vurulduğunu açıqlayıb.

İyulun 19-dan etibarən Ukrayna ordusu Rusiyanın müxtəlif bölgələrinə, xüsusən də Moskvaya pilotsuz təyyarələrlə hücumlara başlayıb. Pilotsuz təyyarələr Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Məryəm Quliyeva