

İranın ali dini rəhbəri Əli Xameneinin və prezident Pezişkianın nüvə silahından imtina ilə bağlı bəyanatları heç də yeni fikir deyil və nüvə silahının insanlığa qarşı istifadəsinin haram olduğu haqda, 80-ci illərdə İranın o zamankı dini rəhbəri Ayətullah Ruhulla Xomeyni İran adına ilk dəfə bəyan etmişdir. Əslində bəşəriyyətin qorxulu yuxusuna çevrilən bu silahın haram olması haqqında İslam ölkələrinin və İslam alimlərinin demək olar ki, yekdil fikirləri var.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Çingiz Şahbazi deyib.
"İslam bir tək nüvə silahından istifadə olunmasını qadağan etmir. İslam, ümumiyyətlə, kütləvi qırğın silahından istifadənin tam əleyhinədir. Bura bu qəbildən bütün silahlar daxildir. Bu səbəbdən İran prezidenti Pezişkianın nüvə silahının haram olması ilə bağlı bəyanatı başadüşüləndir və buna bənzər İranın ali dini lideri Əli Xameneinin də verdiyi bəyanatda heç bir təəccüblü bir şey yoxdur. Çünki, bəyanatdan da belə başa düşülür ki, İslam dininin fiqh elmində göstərilən haram və qadağalara görə, verilən bu bəyanat və bundan doğan İranın mövqeyi məhz İslamın bu əmrinə tabe olduqlarının göstəricisidir, anlamı daşıyır" politoloq deyib.
O, qeyd edib ki, İran prezidenti Məsud Pezeşkian, sadəcə İranın bu mövqeyini bir daha xatırladaraq, İranın hərbi-strateji doktrinasının nüvə silahına əsaslanmadığını vurğulayıb və bu da o anlama gəlir ki, İran uranın zənginləşdirilməsi istiqamətində apardığı bütün işləri yalnız sülh məqsədləri üçün nəzərdə tutur və alınan nəticələrin yalniz iqtisadi inkişaf baxımından kənd təsərrüfatı və istehsal sahələrində və digər dinc məqsədlər üçün nəzərdə tutulmuşdur, anlamı daşıyır: "Amma, bütün bunlara rəğmən Qərb, ABŞ və xüsusilə də İsrail, İranın bu mövqeyini dəstəkləmir və bu istiqamətdə İrana etibar etmirlər. Çünki, İranın bu istiqamətdə sahib olduğu texnologiya, İranın gələcəkdə nüvə silahına sahib olmasına imkan verir. Bu səbəbdən İran üzərində nəzarət və bundan dolayı sanksiyalar saxlanılmaqdadır. Yəni İranın rəsmilərinin verdikləri bəyanat, İranın bu istiqamətdə işlərin davam etməsindən imtina etməsi anlamına gəlməməlidir. Əksinə bu istiqamətdə işləri davam etdirmək üçün, məqsədlərini bəyan etməklə zəmanət əldə etmək niyyətindədirlər".
Cavid