

Gürcüstanın Baş Prokurorluğu oktyabrın 4-də Tbilisidə keçirilmiş etiraz aksiyasının təşkilat komitəsinin 5 üzvü - Vahid Milli Hərəkat Partiyasının nümayəndələri - İrakli Nadiradze və Murtaz Zodelava, polkovnik Laşa Beridze, “Ağmaşenebeli strategiyası” partiyasının baş katibi Paata Mancqaladze və “Rustaveli prospekti” hərəkatının lideri Paata Burçuladzeyə qarşı ittiham irəli sürüb.
APA-nın yerli bürosu xəbər verir ki, onlar Gürcüstanda konstitusiya quruluşunun zorakılıq yolu ilə devrilməsi və yaxud dövlət hakimiyyətinin dəyişdirilməsinə çağırışlarda, həmçinin qrup halında zorakılığın təşkilində, rəhbərlik və iştirak etməkdə ittiham olunurlar.
Bu cinayət əməllərinə görə 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Baş Prokurorluq həmin şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən olunmuş müddətdə vəsatətlə məhkəməyə müraciət edəcək.
Xatırladaq ki, məqsədi dinc yolla hakimiyyətin devrilməsi olan mitinqin iştirakçıları Prezident sarayına hücum ediblər. Baş vermiş qarşıdurmalar nəticəsində 6 etirazçı və onlarla polis əməkdaşı xəsarət alıb.