“İsrail-İran gərginliyinin yenidən yüksəlməsi ehtimalı böyükdür” Dünya

“İsrail-İran gərginliyinin yenidən yüksəlməsi ehtimalı böyükdür”

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Qrossi qeyd edib ki, onun hesabatı bu ilin iyununda İsrailin İran ərazisinə zərbələr endirməsinə səbəb olmayıb. O, “Mənim hesabatımda İranın nüvə silahı proqramı olmadığı açıq-aydın göstərilir. Ona görə də kimsə bu hesabatı müharibə üçün bəhanə hesab edirsə, yanılır” deyib.

Məsələ ilə bağlı “Xalq Cəbhəsi”nə danışan politoloq Turan Rzayev söyləyib ki, əslində Qrossinin narahatlığı başa düşüləndir: “Çünki İsrail böyük ehtimal yaxın müddət ərzində İrana qarşı yenidən hərbi əməliyyatlara başlayacaq. Hətta deyərdim ki, bu, 12 günlük münaqişədən daha ciddi bir insident olacaq”.

Onun bildirdiyinə görə, İran hələ də ciddi şəkildə ABŞ-yə təzyiq edir, onu inandırmağa çalışır ki, İranın nüvə silahı, nüvə obyektləri var: “Məncə bu iddialar əsassız da deyil. Bəli, var. Çünki həmin 12 günlük gərginlik zamanı vurulan zərbələr belə birmənalı şəkildə o obyektləri və ya silahları sıradan çıxarmadı. Sadəcə müəyyən bir infrastruktura zərər vurdu. Ən böyük zərər isə İranın nüvə alimlərinin sıradan çıxarılması idi. Belə olan təqdirdə aydın məsələdir ki, İran yenidən əməliyyatlara başlayacaq. Amma burada əsas məsələ, birincisi, Qəzza faktorudur. ABŞ və dünya ictimaiyyəti faktiki olaraq Qəzza məsələsində İsrailə təzyiq etdilər və İsrail geri addım atmaq məcburiyyətində qaldı. İsrail Qəzza planını həll edə bilmədiyi üçün həm də dünya ictimaiyyətinin diqqətini yayındırmaq üçün indi yenidən bu məsələyə fokuslanır”.

T.Rzayev vurğulayıb ki, məhz indiki məqamda İsrail-İran gərginliyinin yenidən yüksəlməsi olduqca böyük bir ehtimaldır: “Düşünürəm ki, bu, baş verəcək. İsrail bununla dünya ictimaiyyətinin fikrini yayındırıb İrana doğru fokslatmaq və gələcəkdə Qəzza məsələsinə yenidən başlamaq üçün əsas yaratmaq istəyir. Bu hesabatın verilməsi əslində bunun qarşısını almaq məqsədi güdür. Böyük ehtimal burada ABŞ-nin təzyiqləri, məsələyə müdaxiləsi var. Yəni Qrossinin bunu birdən-birə etməsi də təsadüfü deyildi. O baxımdan hesab edirəm ki, bu, ABŞ-nin müharibə başlamaması üçün atdığı bir addımdır. Ancaq İsrail tərəfi çətin ki, bunu dayandırsın. Çünki İsrail bu tip məsələdə onsuz da beynəlxalq hüquqi tanımır, çox aqressiv tutum sərgiləyir. Belə olan təqdirdə yəqin ki, gərginlik başlayacaq. Amma bir daha qeyd edirəm ki, böyük ehtimal budəfəki gərginlik 12 günlük münaqişədən daha böyük olacaq”.

Röya İsrafilova