Ukrayna ordusu uğurlu əməliyyat keçirib Dünya

Ukrayna ordusu uğurlu əməliyyat keçirib

Rusiyameylli terrorçu qrupun 20 döyüşçüsü öldürülüb, daha 30 nəfər yaralanıb
Separatçılar Ukraynaya əsl cəhənnəm vəd ediblər

Cavid

Ukraynada prezident seçkilərinə iki gün qalsa da qarşıdurmalara ara verilmir. Son məlumatlara görə, Ukrayna ordu qüvvələri ilə rusiyameylli separatçılar arasında şiddətli döyüşlərin getməsi vəziyyətin nəzarətdən çıxmasına, seçkilərin sakitliklə keçməyəcəyi anlamını verir.
Ukrayna güc strukturları Rubejneqo şəhəri yaxınlığında uğurlu antiterror əməliyyatı aparıb və terrorçu dəstə məhv edilib. Silahlı separatçılar 20 nəfər itki verib, daha 30 nəfər yaralanıb. Bu barədə Antiterror əməliyyatları üzrə operativ informasiya qrupunun rəhbəri Vladeslav Seleznev öz Facebook səhifəsində məlumat verilib: "Söhbət Rusiyadan gətirilmiş və Luqanskdan Antrasit şəhərinə dislokasiya olunan bandadan gedir. Əldə etdiyimiz məlumatlara görə, Lisiçansk və Severodonetsdə meyitxanalar dolub".
Dünən yayılan məlumatlara görə, Donetsk regionunda separtçıların mayın 22-nə keçən gecə hücumlarında Ukrayna ordusunun 13 əsgəri ölüb. Məlumata görə, müxtəlif qoşun qruplarının hərəkəti koordinasiya olunmadığı üçün Ukrayna vertolyotları hərbçilərin terrorçular tərəfindən dağıdılan postuna atəş açıb.
Ukrayna KİV-nin istinadən xəbərinə görə, internetdə Ukrayna vertolyotlarının 13 həbrçinin həlak olduğu Volnovax sahəsində meşə zolalarını atəşə tutmasını əks etdirən video kadrlar yayılıb.
Kadrlardan görünür ki, Ukrayna əsgərləri öz hərbçi yoldaşlarının vertolyotlardan açdığı atəşdən yayınmaq üçün kənara qaçırlar. Daha sonra onların komandiri yüksək komandanlıqla əlaqə saxlayır və aviasiya ilə quru qoşunlarının hərəkətinin koordinasiya olunmasını xahiş edir.
Ukrayna ordusunun 6 həftədir ki, başladığı anti-terror əməliyyatı dövründə son iki gün ərzində olan hücumlar ən qanlı hücumlardır. Ukrayna ordusunun bir əsgəri isə Luqanskda həlak olub.
Donetsk vilayətində isə Ukrayna döyüşçülərinin mühasirəyə düşdüyü bildirilir. Belə ki, məlumata görə, müharisəyə düşən Ukrayna ordusunun "Donbass" batalyonu ilə separatçılar arasında gedən döyüşlərdə 9 nəfər yaralanıb. Yaralananlar "Donbass" batalyonunun hərbçiləri olub. Batalyonun komandiri Semen Semençenkonun sözlərinə görə, separatçılar iri çaplı silahlardan, snayperlərdən və pulemyotlardan istifadə ediblər, əraziyə BTR-lər gətirilib: "Batalyon komandiri əlavə edib ki, ordu komandanlığına hərbi kömək üçün müraciəti cavabsız qalıb: "Burdan çıxa bilmirik, çünki mühasirədəyik. Yaxınlıqdakı hərbi hissəsinin rəhbərliyinə telefonla əlaqə yaradıb, kömək üçün müraciət etmişik, lakin dəstək verilmir. Krasnoarmeysk şəhəri istiqamətdə, bizdən 15 kilometrlik məsafədə Ukrayna ordusuna məxsus blokpost və 4 BTR var. Bizə BTR verin...(söyüş)".
Son məlumatlara görə, "Donbass" batalyonu mühasirədən çıxa bilib. Bu barədə "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Timçuk açıqlama verib. O, bildirib ki, bu dəqiqələrdə "Donbass" batalyonu mühasirədən çıxamağa nail olub.
Ukraynanın şərqində özünü Donetsk vilayətinin qubernatoru elan etmiş "xalq meri" Pavel Qubarev isə "Hovorossiya Partiyası" ictimai hərəkatının qurultayında çıxışında silahlı mübarizənin miqyasını genişləndirəcəklərini bəyan edib.
O, Ukraynaya əsl cəhənnəm vəd edib: "Slavyanskdakı problemi Ukraynaya qarşı əməliyyatların miqyasını genişləndirməklə həll edəcəyik". Onun sözlərinə görə, "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" Ukraynanın bütün cənub-şərq hissəsini nəzarətə almağı planlaşdırır: "Biz Xarkovda, Xersonda, Dnepetrovskda, Hikolaevskdə və Zaparojyedə döyüşməyə hazırlaşırıq".
Onun sözlərinə görə, Donetskdə bir çox məsələləri biznesmen Rinat Əhmədov həll edir: "Əhmədov Donbassın açarıdır, amma o müqavimət göstərir. Mən sizi əmin edirəm ki, bu onun üçün yolun sonudur".
Ukrayna baş nazirinin səlayhiyyətlərini həyata keçirən Arseni Yatsenyuk vəziyyəti qızışdırmaqda Rusiyanı ittiham edib.
Bu arada məlum olub ki, Ukraynanın Mərkəzi Seçki Komissiyası bildirir ki, mayın 25-dəki prezident seçkilərinə 3 gün qalmış ölkənin şərqində 2 regionda - Luqanskda və Donetskdə separatçılar 34 seçki məntəqəsindən 16-da seçki rəsmilərini məntəqələrə buraxmırlar.
MSK bildirir ki, Donetsk və Luqansk separtçıları bu regionlarda seçki keçirilməsinə imkan verməyəcəklərini deyirlər.
"Hazırki şəraitdə ölkə üzrə ümumi seçici səslərinin 5-7 faizini itirilmiş hesab etmək olar". Bu barədə ölkənin Seçki Komitəsinin sədri Aleksandr Çernenko TRK Ukraina kanalına bildirib.
Onun sözlərinə görə, bu gün seçicilərin 13 faizi Donbass vilayətinin payına düşür. Mən hesab edirəm ki, onların yarısında səsvermə baş tutacaq. Bu halda səslərin yalnız 5-7 faizinin itirilməsindən söhbət gedə bilər. Əlbəttə ki, bu çox pisdir, çünki bizim üçün hər bir səs dəyərlidir. Amma qəbul etmək lazımdır ki, bu Ukraynanın günahı ucbatından baş vermir, bu vəziyyəti komissiyaların işini pozan silahlı banditlərdir. Təhdid və təzyiqlər baxmayaraq, yerlərdə insanlar komissiyaların işində yaxından iştirak edirlər".
Qeyd edək ki, mayın 25-də Ukraynada növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkiləri 2784 beynəlxalq müşahidəçi izləyəcək. Rusiya və digər MDB ölkələri bu seçkilərə müşahidəçi göndərməyib.
Xatırladaq ki, silahlı rus separatçıları Ukraynanın şərq vilayətlərində - Kramatorsk, Krasnom Limane, Snejnı, Amvrosievsk, Konstantinovsk, Qorlovke, Dzerjinsk, Konstantinovk, Mariupol, Velikonovoselkovsk və Dobropolğsk şəhərlərində seçki məntəqələrinin işini iflic ediblər.
Vəziyyətin gərginləşməsi prezidentliyə namizədlərin seçkilərdə iştirak edib, etməyəcəyinə də təsir göstərməkdədir. Artıq Ukrayna prezidentliyinə iddialılardan daha biri - Vasiliy Çuşko namizədliyini geri götürüb.
UNİAN-ın xəbərinə görə, o, bu barədə mayın 22-də televiziya və radio vasitəsilə seçicilərə müraciətində bildirib.
O, deyib ki, prezidentin tez seçilməsi üçün gərəkən bütün addımlar atılmalıdır: "Çünki məhz legitim yolla seçilmiş prezident ölkənin şərqində etiraz aksiyası keçirənlərlə və xarici dövlətlərlə danışıqlar apara bilər".
Qeyd edək ki, bundan əvvəl Nataliya Korolevskaya və Oleq Tsarev namizəd kimi seçkidə iştirakdan imtina etmişdi. Daha sonra Zoryan Şiryak, Petr Simonenko və Petr Klimenko da namizədliklərini geri götürdülər.
Kiyevdə yaşayan politoloq, Ukrayna prezidentliyinə namizəd Pyotr Poroşenkonun seçki qərargahının milli məsələlər üzrə koordinatoru Xaqani Hüseynli deyib ki, Ukraynada sabitliyin yaranması və Rusiya işğalının qarşısının alınması baxımından qalibin seçkinin birinci turunda müəyyənləşməsi ölkə üçün böyük əhəmiyyət daşıyır: "Prezidentin birinci turda seçilməsi Ukraynadakı hərbi-siyasi vəziyyətin sabitləşməsinə müsbət təsir edər. Ölkənin ictimai-siyasi qüvvələri, dövlət xadimləri də bunu dərk edirlər və prezidentin birinci turda seçilməsinə çalışırlar".
Politoloqun sözlərinə görə, seçkiyədək və səsvermə günü ölkədə sabitliyin pozulması ehtimalı olsa da, bu ehtimal o qədər böyük deyil: "Seçkinin pozulmasına yönəlmiş əsas planların qarşısı alınıb".
Xaqani Hüseynli hesab edir ki, 25 may seçkisi Ukrayna üçün tarixi əhəmiyyət kəsb edir. Viktor Yanukoviç Ukraynanı tərk etdikdən sonra ölkəyə rəhbərliyi Ali Rada həyata keçirir: "İndi ölkədə yeganə legitim orqan parlamentdir. Rusiya Ukraynada iğtişaşlar törədir, qeyri-qanuni addımlar atır. Rusiyanın bu siyasətinin birbaşa iştirakçısı olan Regionlar Partiyası və Kommunist Partiyası da Ali Radada təmsil olunur. Onlar Ukrayna üçün vacib olan islahatların həyata keçirilməsinə, Avropaya inteqrasiyanı nəzərdə tutan layihələrin təsdiqlənməsinə imkan vermirlər. Ali Radada dəfələrlə səsverməni pozublar. Ukraynanın hazırkı hökumətinin üzərinə götürdüyü öhdəliklərin icrasını əngəlləyirlər. Həm də separatçı fəaliyyətlə məşğul olurlar, prosesləri qızışdırırlar, iğtişaşlar törədirlər. Bütün bunları açıq formada edir, heç gizlətmirlər də. Hazırda fəaliyyət göstərən Ali Rada buraxılmalı və yeni seçki keçirilməlidir. Xalqın seçdiyi prezident olmasa, Ali Radanı buraxmaq mümkün deyil. Ölkəyə ziyan vuran, separatçılıqla məşğul olan qüvvələrin dövlət strukturlarından, bütövlükdə Ukraynadan çıxarılması yalnız prezident seçkisindən sonra mümkün ola bilər. Ukraynada legitim rəhbərliyin və orqanların formalaşması, sabitliyin yaranması, Rusiya işğalının qarşısının alınması baxımından 25 may seçkisinin əhəmiyyəti çox böyükdür".
Politoloqun qənaətincə, seçkidən sonra Ukraynanın şərqində vəziyyət sabitləşəcək: "Rusiya Ukraynanın şərqində separatçı rejimlər yaratmaqla Ukraynada hakimiyyətə gələcək qüvvələri təsir altında saxlamaq istəyir. Moskva uzun illərdir Dağlıq Qarabağ münaqişəsindən Azərbaycana, Abxaziya və Cənubi Osetiyadan Gürcüstana, Dnestryanı bölgədən Moldovaya qarşı istifadə edir. İndi bu siyasəti Ukraynada təkrarlayır. Moskva bundan sonra da bütün qüvvələrini bu istiqamətdə səfərbər edəcək. Hələlik Qərb ölkələrinin vahid mövqeyi Rusiyanın Ukrayna planının qarşısını qismən alır. Ölkənin şərqində yaşayan əhali də Moskvaya tabe olmaq istəmir. Ona görə seçkidən sonra ölkənin şərqində də vəziyyət tədricən sabitləşəcək".