14:10
658
İran mediası məlumat yayıb ki, ABŞ-nin kəşfiyyat təyyarələri, həmçinin sualtı qayıq əleyhinə təyyarə və ağır PUA-ları Hörmüz boğazı və Oman körfəzi üzərində səmada manevr həyata keçirib.
Mövzu ilə bağlı xalqcebhesi.az-a açıqlama verən hərbi ekspert Səxavət Məmməd söyləyib ki, İranla ABŞ arasında gərginlik ən yüksək həddə gəlib çatıb: “Hər iki ölkə - həm İran, həm ABŞ hərbi təlimlər həyata keçirir. Yəni əslində əvvəldən də qeyd edilmişdi ki, ABŞ gələcək və hərbi təlimlər həyata keçirəcək. Müxtəlif mənbələr bildirirdilər ki, ABŞ qısa zamanda zərbələr endirəcək. Reallıq da ondan ibarət idi ki, qısa zamanda zərbələr endirmək mümkün deyildi. Çünki ABŞ-nin ora gətirdiyi qoşunlar hələ tam hazır vəziyyətə gətirilməmişdi”.
S.Məmməd deyib ki, indiki məqamda kəşfiyyat dronlarının hərəkətə keçməsi və orada müəyyən hərbi təlimlərin həyata keçirilməsi onu göstərir ki, ABŞ tərəfi də bu məsələdə xeyli ciddidir və təlimlər həyata keçirməklə, kəşfiyyat məlumatları əldə etməklə bu prosesi daha da irəli aparmaq istəyir: “Düşünürəm ki, bu, regionda onsuz da gərgin olan vəziyyəti bir qədər də artıracaq. Əgər məsələ masada həll olunmasa, mütləq şəkildə hərbi sahəyə keçəcək. Belə olan halda isə hesab edirəm ki, bu, həm körfəz üçün, həm Cənubi Qafqaz üçün, ümumiyyətlə, bütün Yaxın Şərq və region üçün çox ciddi problemlər gətirəcək. Çox ağır nəticələr verə bilər”.
Röya İsrafilova