“Genişmiqyaslı danışıqların başlanması ehtimalı zəif görünür” Dünya

“Genişmiqyaslı danışıqların başlanması ehtimalı zəif görünür”

“Moskva istiqamətində növbəti pilotsuz uçuş aparatının zərərsizləşdirilməsi və bir sıra hava limanlarında məhdudiyyətlərin tətbiqini Rusiya–Ukrayna qarşıdurmasının yeni mərhələyə keçdiyini göstərən siqnal kimi qiymətləndirmək lazımdır. Belə faktlar bir daha sübut edir ki, münaqişənin çoxdan yalnız cəbhə xətti ilə məhdudlaşmaması və mülki infrastruktur və böyük şəhərlər də risk zonasına daxil olması ilə paralel artıq strateji infrastrukturlar hədəfdədir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva söyləyib.

Y.Hacıyeva qeyd edib ki, Moskva yaxınlığındakı Vnukovo və Yaroslavl hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq olunması təhlükəsizlik baxımından operativ qərar sayılsa da, mülki aviasiya və logistika üçün əlavə çətinliklər yaradır: “Pilotsuz aparatların istifadəsi müasir müharibənin əsas elementlərindən birinə çevrilib. Nisbətən aşağı maliyyəli, lakin yüksək manevr imkanına malik bu vasitələr həm hərbi, həm də psixoloji təsir baxımından daha effektiv sayılır. Böyük şəhərlərə yönələn belə hücum cəhdləri əhalidə ciddi narahatlıq yaradır, təhlükəsizlik sistemlərini maksimum səviyyədə səfərbər etməyə məcbur edir və dövlət resurslarının yenidən bölüşdürülməsinə səbəb olur”.

Onun fikrincə hazırkı vəziyyətdə inkişaf ssenarisi haqqında danışırıqsa, Moskva və ətraf bölgələrdə hava hücumundan müdafiə sistemlərinin daha da gücləndirilməsi, radioelektron mübarizə vasitələrinin geniş tətbiqi gözlənilir: “Bu isə hava məkanında müvəqqəti, lakin təkrarlanan məhdudiyyətlərin davam etməsinə gətirib çıxara bilər. Qarşılıqlı cavab addımlarının intensivləşməsi fonunda belə insidentlər zərbələrin coğrafiyasının genişlənməsinə və texnoloji vasitələrin daha aktiv istifadəsinə səbəb olacaq. Bu isə eskalasiya riskini artıran əsas faktorlardan biridir”.

Politoloq eləcə də deyib ki, paralel olaraq diplomatik müstəvidə qarşılıqlı ritorikaların sərtləşməsi ilə tərəflər beynəlxalq platformalarda mövqelərini daha kəskin şəkildə ifadə edəcək, qarşılıqlı ittihamlar gücləndirəcək: “Yaxın perspektivdə genişmiqyaslı danışıqların başlanması ehtimalı zəif görünür. Çünki hər iki tərəfi qane edən şərtlər mövcud deyil. Bir sözlə, Moskva istiqamətində PUA insidenti təkcə lokal təhlükəsizlik hadisəsi deyil, həm də münaqişənin xarakterində davam edən transformasiyanın göstəricisidir. Proseslərin gələcək inkişafına, hərbi-texniki imkanlardan, siyasi qərarlardan və beynəlxalq reaksiyanın səviyyəsindən asılı olaraq mövcud dinamika daha da intensivləşəcək. Bütün bunların yaratdığı risklər və cəmiyyətlərdə yaratdığı narazılıqlar hər iki ölkənin hökümətlərini cəmiyyətlərinə qarşə sərtləşməyə məcbur edəcək”.

Röya İsrafilova