Türkiyə Soçidə buna razılaşmağa məcbur oldu Dünya

Türkiyə Soçidə buna razılaşmağa məcbur oldu

ABŞ-ın son dövrdə yeritdiyi siyasətə nəzər saldıqda Rusiyanın Qara dəniz və Sakit okean, Çinin Sakit okean hövzəsi istiqamətlərindən sıxışdırılacağı, İranın da eyni dərəcədə, hətta daha artıq təzyiqlərlə üzləşəcəyi aydın görünür.
Bu sözləri açıqlamasında politoloq Nəzakət Məmmədova deyib. O bildirib ki, ABŞ-ın Suriyada siyasi, hərbi mövqelərinin zəifləməsi Trampın yox, Obama Administrasiyasının əsasını qoyduğu uğursuzluğun nəticəsidir.
"Doğrudur, Tramp özü də hakimiyyətə gəldikdən sonra Suriya və İraqda ABŞ-ın fəaliyyəti dayandırılmadı, əksinə, bəzi hallarda radikallaşmağa başladı. Lakin bütövlükdə götürdükdə bu gün Suriyanın siyasi gələcəyinin müəyyən olunmasında əsas söz sahibi ölkə kimi Rusiya çıxış edir. Soçi sammiti bunu deməyə əsas verir. Sammitdən əvvəl Putinin Əsədlə görüşməsi, ABŞ, İsraillə məsləhətləşməsindən sonra Suriyaya dair konqres keçirəcəyini elan etməsindən belə bir nəticəyə gəlmək olar ki, Rusiya prezidenti artıq Vaşinqton, Tel-Əviv, Ankara, Tehran, Dəməşq, habelə siyasi dialoqa hazır olan müxalifətlə bir çox məsələlərdə razılaşıb. Bu, ABŞ-ın Yaxın Şərqdəki bəzi planlarının üstündən xəttə çəksə də, dünyadakı mövcud status-kvonun Rusiyanın xeyrinə dəyişəcəyini deməyə əsas vermir. Əksinə, Suriya cəbhəsində geri çəkilən ABŞ Ukrayna, Uzaq Şərq, İran istiqamətlərində öz səylərini artıracaq. Məsələn, Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Suriya müxalifətinə silah göndərilməsinə dair məxfi proqramının dayandırılmasına dair direktiv imzalayıb. Halbuki, bir müddət öncə Ukraynaya silah yardımı göstərilməsi barədə qərar qəbul olunmuşdu".
Politoloq qeyd edib ki, Şimali Koreyanın nüvə silahı məsələsi əsas götürülərək, ABŞ üçün Sakit Okeanda möhkəmlənmək, buradan Çin və Rusiyaya nəzarəti gücləndirmək, habelə İranla nüvə sazişinə çıxmaq təhdidi ilə başlayan yeni eranın əsası qoyula bilər:
"Əsas hədəf ölkələrdən biri isə Türkiyə olacaq. Onun ABŞ və NATO ilə gərgin münasibətləri, Rusiya-İran ittifaqında yer alması Ankaraya təzyiqlərin artmasında böyük rol oynayacaq. Ölkədə yenidən terror aktları, çevriliş cəhdinə yeni hazırlıq istisna olunmur. Bunlar qeyri-qanuni təzyiq vasitələridir. Lakin ən böyük şans 2019-cu il seçkilərində Ərdoğana və AKP-yə alternativ ola biləcək siyasi partiyaya güclü dəstəyin verilməsi ola bilər. Bunun üçün ən əsas vasitələrdən biri AKP-ni kürd əhalinin səslərindən məhrum etməkdir".
Politoloq vurğulayıb ki, ABŞ-ın Suriyanın gələcəyinə dair proseslərdə zəifləməsi onun heç də Yaxın Şərqdəki proseslərdə fəal iştirakdan imtina etməsi anlamına gəlmir:
"Ən azından, ABŞ-ın Suriya və İraq kürdlərini Türkiyə və İrana qarşı istifadə edəcəyi şübhə doğurmur. Odur ki, Soçi sammitində Türkiyə kürdlərin ABŞ tərəfindən yox, Rusiya tərəfindən yönləndirilməsinə razı olmağa məcbur oldu. Əsas məsələ Suriyanın gələcəyində onlara qənaətbəxş statusun verilməsidir. Əks halda, həm Türkiyə, həm Rusiya kürd kartının ABŞ-ın tam əlinə keçməsinin əziyyətini çəkə bilər. Ruslar Suriyada quracaqları düzənə, Türkiyə isə ərazi bütövlüyünə təhdid yaranmaması üçün eyni mövqedən çıxış etməyi seçib".
Qeyd edək ki, Rusiya, Türkiyə və İran liderlərinin iştirakı ilə Soçidə Suriya böhranının həlli ilə bağlı sammit baş tutub.