Polşa Ukraynadan gələ biləcək kütləvi qanunsuz silah trafikinə hazırlaşır Gündəm

Polşa Ukraynadan gələ biləcək kütləvi qanunsuz silah trafikinə hazırlaşır

Polşa, Ukraynadakı hərbi əməliyyatlar başa çatdıqdan sonra bu ölkədən gözlənilən kütləvi qanunsuz silah axınına hazırlaşır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Rzeczpospolita" qəzetinə Polşa Polisinin Mərkəzi İstintaq Bürosunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin rəisi Adam Radon məlumat verib.

"Ukraynada yardım paketləri çərçivəsində verilən külli miqdarda silah var, buna sovet dövründən qalma əhəmiyyətli həcmdə silahlar da əlavə olunur. Silahlı münaqişələrin başa çatması isə həmişə silahların nəzarətsiz axını riski ilə müşayiət olunur", — deyə polis rəsmisi qeyd edib.

Bununla əlaqədar Polşa hüquq-mühafizə orqanları "Trident" kod adlı xüsusi plan hazırlayır. Radonun sözlərinə görə, "Trident" layihəsi polis əməkdaşlarını bu növ qaçaqmalçılığı aşkar etməyə və bu fəaliyyətlə məşğul olan mütəşəkkil cinayətkar qruplaşmaları ləğv etməyə hazırlamaq məqsədi daşıyır. Layihə çərçivəsində 6,6 milyon zlotı (təxminən 1,8 milyon dollar) məbləğində xüsusi avadanlıqların alınması, həmçinin sərhəd xidməti və bir sıra ölkələrin (Çexiya, Litva, Ukrayna, Moldova və İspaniya) səlahiyyətli orqanları ilə qarşılıqlı fəaliyyət planlaşdırılır.

Şöbə rəisi vurğulayıb ki, Polşa bu silahların Avropaya yolunda bir növ "filtr" rolunu oynamalıdır:
"Avropada və digər qitələrdə hərbi əməliyyatların bitməsindən sonra qazanılan təcrübəni nəzərə alaraq, Ukraynadan qonşu ölkələrə və digər AB dövlətlərinə qanunsuz odlu silah və sursat axını ehtimalını çox ciddi qəbul edirik". O, həmçinin ehtimal edib ki, münaqişə bitdikdən sonra Ukrayna hərbçilərinin mümkün tərxis olunması və onların cinayət yoluna düşməsi bu prosesdə əsas amillərdən biri ola bilər.

Polis rəsmisinin bildirdiyinə görə, hələlik Polşada Ukraynadan gələn kütləvi silah axını müşahidə olunmur. Buna baxmayaraq, o qeyd edib ki, polis artıq Ukrayna silahlarından ibarət gizli anbarlar (sxronlar) aşkar edir, lakin onların ölkəyə daxilolma mənbələri hələ müəyyən edilməyib.

Məryəm Quliyeva