
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində çıxışı zamanı İrəvan və Bakıya nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında, humanitar məsələlərin həllində yardım göstərməyə, eləcə də sülh müqaviləsinin imzalanması üçün Rusiya platformasını hazırlayıb təqdim etməyə hazır olduqlarını deyib.
Məsələ ilə bağlı xalqcebhesi.az-a açıqlama verən Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib ki, siyasi müdrikliyin və məsuliyyətli dövlət davranışının nümunəsi olaraq Azərbaycan 2020-ci ildə hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan edib və məğlub tərəfə beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərinə əsaslanan bərabərhüquqlu sülh təklif edib: “Bu uzaqgörən yanaşma Cənubi Qafqazda regional dinamikanı dəyişdirib, region daxilində və xaricində sülh və təhlükəsizliyə təhdidləri aradan qaldırıb və geniş regional əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Bu çərçivədə Azərbaycan sülh gündəliyinin təşəbbüskarı olub, gələcək ikitərəfli saziş üçün əsas prinsipləri irəli sürüb, ilk saziş layihəsini təqdim edib və sənəd üzərində danışıqların irəliləməsini ardıcıl şəkildə təşviq edib. Bu proses 2022-ci ilin oktyabrından 2025-ci ilin mart ayınadək davam edib və tərəflər danışıqları yekunlaşdırıblar”.
P.Vəliyeva qeyd edib ki, əhəmiyyətli irəliləyiş 2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Tramp tərəfindən təşəbbüs göstərilən Vaşinqton Sammiti zamanı əldə olunub: “2025-ci il avqustun 8-də Vaşinqton şəhərində ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri Birgə Bəyannamə imzalayıblar. Tərəflər təsdiq ediblər ki, münaqişə keçmişdə qalıb və onun yenidən nəzərdən keçirilməsi cəhdlərinə yol verilməyəcək. Bundan sonra münasibətlər bu reallıq əsasında yaxşı qonşuluq prinsipləri üzərində qurulacaq. Həmin gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri “Sülhün və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş”in mətnini paraflayıblar. Nəticədə faktiki olaraq sülh bərqərar olub, Azərbaycan və Ermənistan son onilliklərin ən sabit və təhlükəsiz dövrünü yaşamağa başlayıb. Hökumət, parlament və vətəndaş cəmiyyəti səviyyələrində konkret addımlar atılır”.
Deputat diqqətə çatdırıb ki, Ermənistana yük daşımaları üzrə bütün məhdudiyyətlərin aradan qaldırılması, Qazaxıstandan taxılın və Rusiyadan əlavə yüklərin Ermənistana çatdırılması, Azərbaycanda istehsal olunan neft məhsullarının Ermənistana ixracı, Bakı və İrəvan arasında vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri, həmçinin Qəbələdə Azərbaycan və Ermənistan dövlət sərhədlərinin delimitasiyası üzrə komissiyaların 12-ci iclasının keçirilməsi göstərir ki, sülh artıq nəzəri anlayış deyil, praktikada reallaşan bir prosesdir: “Azərbaycan sülh gündəliyinin müəllifi kimi bu kursa sadiq qalır və Ermənistandan da eyni siyasi iradə və məsuliyyət gözləyir. Bu baxımdan normallaşma prosesinin yekunlaşdırılması üçün götürülmüş öhdəliklərin vicdanla və vaxtında yerinə yetirilməsi xüsusi əhəmiyyət daşıyır. Ermənistan Konstitusiyasında hələ də mövcud olan ərazi iddialarının aradan qaldırılması sazişin imzalanmasına, ratifikasiyasına və geri dönməz sülhün təmin olunmasına imkan verəcəkdir. Ermənistan Konstitusiyasının preambulasında qeyd edilən və istinad olunan Müstəqillik Aktı açıq-aşkar bəyan edir ki, Azərbaycanın suveren ərazisi olan Qarabağ Ermənistanın ayrılmaz hissəsidir. “Miatsuma” çağırışlar olan Konstitusiya dəyişmədən Sülh müqaviləsi imzalana bilməz. Ermənistanın rəsmi mövqeyi də hazırda bu yöndədir”.
O həmçinin deyib ki, ötən il Vaşinqtonda razılaşdırılan məsələlərə sadiqlik olmalıdır: “Ermənistan daxilində bəzi siyasətçilər bunu anlamaqda və sülhü həzm etməkdə çətinlik çəkirlər. Bu cür təxribatçı çıxışlar isə keçmiş narrativləri yenidən oyatmaq məqsədlidir və həssas olan sülh prosesinə ziyan vurur. Prezident İlham Əliyevə Münhen Təhlükəsizlik Konfransı zamanı verilən təxribatçı sual da bu yöndə idi. İddia edilən Konstitusiya məhkəməsinin qərarı Konstitusiyadan üstün ola bilməz. Prezident İlham Əliyev hər zaman vurğulayır ki, biz sülhü erməni xalqı ilə bağlamaq istəyirik. Bu o deməkdir ki, xalq öz seçimini etməlidir, onlar regionda sabitlik istəyirsə, sülhə səs verməlidir, nəinki revanşistlərə”.
Röya İsrafilova