17:40
637
“Ermənistanda seçkilər yaxınlaşdıqca diqqət yalnız namizədlər arasındakı rəqabətə deyil, həm də seçki prosesinə xarici təsirlərin miqyasına yönəlir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.
O qeyd edib ki, maraqlıdır ki, həm Rusiya, həm də Qərb müxtəlif vasitələrlə İrəvandakı siyasi proseslərə təsir göstərməyə çalışdığı halda, beynəlxalq müşahidə missiyalarının bu məsələlərə münasibəti kifayət qədər passiv görünür: “Bir tərəfdən Moskvanın Ermənistan daxilindəki siyasi və ictimai əlaqələrindən istifadə etməsi, digər tərəfdən isə Avropa strukturlarının müəyyən siyasi xəttə daha isti münasibət göstərməsi seçkinin tamamilə daxili proses kimi qiymətləndirilməsini çətinləşdirir. Bu isə seçkilərin nəticəsindən daha çox, onların legitimliyi ilə bağlı suallar doğurur”
Z.Qarayevanın sözlərinə görə, digər diqqətçəkən məqam isə seçki mübarizəsinin bərabər şərtlər daxilində aparılıb-aparılmamasıdır: “Müxalifət nümayəndələrinin həbsi, siyasi fəallara təzyiq iddiaları, inzibati resurslardan istifadə ilə bağlı müzakirələr və seçicilərə təsir cəhdləri Ermənistanın demokratik imicinə kölgə salır. Əgər beynəlxalq qurumlar həqiqətən obyektiv mövqe sərgiləmək istəyirlərsə, onda yalnız texniki səsvermə prosedurlarını deyil, seçkiqabağı siyasi mühiti də eyni həssaslıqla qiymətləndirməlidirlər. Əks halda, demokratiya və seçki standartları haqqında verilən qiymətləndirmələr siyasi maraqların təsiri altında formalaşmış təsəvvür yaradır və beynəlxalq müşahidə institutlarının etibarlılığına zərbə vurur”.
Röya İsrafilova