Britaniyanın müdafiə naziri istefa verib Dünya

Britaniyanın müdafiə naziri istefa verib

Böyük Britaniyanın müdafiə naziri Con Hili cümə axşamı hərbi xərclər məsələsində hökumətlə yaranan fikir ayrılıqları səbəbindən istefa verdiyini bəyan edib. O, baş nazir Kir Starmeri ölkənin müdafiəsi üçün zəruri maliyyələşməni təmin edə bilməməkdə ittiham edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi bir neçə aydır ki, müdafiə büdcəsinin artırılması ilə bağlı gərgin danışıqlar aparır. Mübahisələr səbəbindən Britaniyanın müdafiə investisiyaları planının icrası hələ ötən ildən bəri təxirə salınır.

"Artan təhdidlərin mövcud olduğu bir dövrdə millətin ölkəni qorumaq üçün ehtiyac duyduğu resursları siz təmin edə bilmədiniz, Maliyyə Nazirliyi isə bunları ayırmaqda istəksizlik nümayiş etdirdi", - deyə Hilinin Starmerə ünvanladığı məktubda bildirilir.

Müdafiə xərclərinin təsdiqlənməsinin gecikdirilməsi Britaniyanın müdafiə sektorunda narazılığa səbəb olub. Sahənin nümayəndələri bəyan edirlər ki, artan geosiyasi qeyri-sabitlik və ABŞ-ın Avropaya münasibətdə xarici siyasi prioritetlərinin dəyişməsi fonunda təhlükəsizlik sahəsinə uzunmüddətli investisiyalar planlaşdıra bilmirlər.

Məryəm Quliyeva