
ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyasının sözçüsü Rayn Dillon koalisiyanın Suriya Demokratik Qüvvələri ilə yeni Suriya Sərhəd Təhlükəsizlik Qüvvələri quracağını açıqlayıb.
Xarici media xəbər verir ki, Rayn Dillon hazırda 230 nəfərin təlim keçdiyini və yeni birlikdə 30 min təlim görmüş hərbçinin olacağını qeyd edib. Onun sözlərinə görə, yeni Suriya Sərhəd Təhlükəsizlik Qüvvələrinin etnik tərkibi hərbçilərin xidmətdə etdikləri yerə görə dəyişəcək.
Koalisiya sözçüsü Suriyanın şimalında kürdlərin, Fərat hövzəsi və İraqla sərhəddə ərəblərin xidmət edəcəyini bildirib.
Mənbənin Türkiyənin Anadolu agentliyinə verdiyi məlumata görə, Pentaqon- Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) şərti olaraq "Şimal ordusu" adlı yeni terror təşkilatı yaradır.
Qeyd olunub ki, amerikalıların Şərqi Hələb və Cənubi Hasekədə təlim keçdiyi sərhəd mühafizəçiləri ilk mərhələdə Kobani, Təl Əbyad, Rəsulayn və Malikiyədə yerləşdiriləcək. Terroristlərin ölkənin şərqindən Türkiyə sərhəddindəki Afrin bölgəsinə göndərilə biləcəyi vurğulanıb. Yeni birlikdə təmsil olunacaq terrorçuların 70 faizinin PYD / PKK-çılarından ibarət olacağı gözlənilir
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Suriyada əsasını PKK-nın qanadı olan PYD üzvləri təşkil edəcək 30 minlik sərhəd ordusunun yaratmasını sərt tənqid edib.
XİN-in açıqlamasında İŞİD-dən azad ölunan yerlərin PYD/YPG güclərinə buraxılmasının səhv addım olduğu qeyd edilir.
"Yaradılması nəzərdə tutulan silahlı qüvvə İŞİD ilə mübarizəyə mənfi təsir göstərəcək. Həmçinin sözdə "Suriya Sərhəd Təhlükəsizliyi Qüvvələri"nin yaradılması məsələsi koalisiyanın üzvü olan Türkiyə ilə danışılmayıb. Qərarın koalisiyanın hansı üzvlərinin rəyilə qəbul edildiyi bilinmir. Təktərəfli qərar son dərəcədə zərərlidir. ABŞ-ın istəyinə uyğun PYD/YPG ilə aparılan əməkdaşlıq milli təhlükəsizliyimizə və Suriyanın ərazi bütövlüyünə ziddir, risk yaradır. Türkiyə özünə qarşı olan hər cür təhdidi susdurmaq haqqını özündə saxlayır", deyə XİN-in bəyanatında vurğulanır.
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın isə bildirib ki,Vaşinqtonun Suriyada "sərhəd təhlükəsizliyi qüvvələri" yaratmaq planı yolverilməzdir.
"ABŞ-ın atdığı addımlar terror təşkilatını qanuniləşdirir, bu böyük narahatlıq doğurur. Terrorla istənilən mübarizə aparmaq hüququnu öz üzərimizdə saxlayırıq. Terror təşkilatları ilə mübarizəmiz istər ölkə daxilində, istərsə də xaricində davam etdiriləcək. Türkiyə təhlükəsizliyinin təmin edilməsi üçün səylərini əsirgəməyəcək", - deyə İbrahim Kalın qeyd edib.
Bundan əvvəl bildirilmişdi ki, ABŞ-ın İŞİD-ə qarşı rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada nəzarət etdiyi ərazilərdə "sərhəd təhlükəsizliyi qüvvələri" yaratmağa başlayıb.
Məlumata görə, bu barədə "Defense Post" nəşrinə koalisiyanın rəsmi nümayəndəsi Tomas Vill bildirib.
Alyansın "Suriya Demokratik Qüvvələr" (SDQ) adlanan silahlı qruplaşma ilə birgə çalışdığı bildirilir.
"Hazırda, ilkin mərhələdə, təlimlərə təxminən 230 nəfər cəlb edilib, yekun məqsəd - 30 minlik qüvvə yaratmaqdır", - deyə Tomas Vill vurğulayıb.
Onun sözlərinə görə, yeni qüvvələr Suriyanın SDQ-nin nəzarətində olan ərazinin qərb sərhədi boyu, habelə İraq və Türkiyə sərhədləri bou yerləşdiriləcək.
Bu arada Türkiyənin Afrin əməliyyatı ilə bağlı məlumat yayılıb.
Bununla bağlı "Sabah" qəzeti informasiya dərc edib.
Məlumata görə, hücum 4 istiqamətdən həyata keçiriləcək:
"Hücumun həyata keçiriləcəyi istiqamətlərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Hücumda Fərat Qalxanı hərəkatındakı türk əsgərləri və Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi müxaliflər iştirak edəcək".
"Sabah"ın xəbərinə görə, Reyhanlı bölgəsindən Kilisə qədər 100 kilometrlik ərazidə müşahidə gücləndirilib. Bu, Suriyadakı silahlıların buradan sərhədi aşaraq Türkiyəyə keçməsinin qarşısını alacaq.
Məlumatlarda qeyd edilir ki, YPG silahlıları Afrin əməliyyatından qorunmaq üçün Afrindən Bursaya xüsusi tunel açıblar. Bundan başqa, terrorçular Afrin əməliyyatına hazırlıq məqsədi ilə tunelləri, keçidləri, mağaraları, sığınacaqları, cəbbəxanaları və ABŞ-dan silah aldıqları gizli yolları yenidən yoxlanışdan keçirib.
Türkiyə tərəfinin hazırladığı planda YPG-nin bütün strateji mövqelərinin yerləşdiyi nöqtələr qeyd edilib. Ona görə də silahlıların bu mövqelərdən istifadəsi qeyri-mümkün olacaq və terrorçular məhv ediləcək.
Afrindən sonra Türkiyənin növbəti hədəfinin Münbiç olacağı bildirilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Bir gecə Afrinə girə bilərik" sözləri PKK terror təşkilatının Suriya qolu olan PYD silahlılarını təşvişə salıb.
Bu səbəbdən Afrində 2 xəstəxana boşaldılıb, 60 xəstəxanada isə yaralıların müalicəsi üçün yerlər hazırlanıb.
Bununla bağlı PKK-nın Qəndildəki yeni komandiri Mahmud Berhudan təlimat verib.
O, Türkiyə Silahlı Qüvvələrinin hücuma başlayacağını deyib və buna hazır olmağı tapşırıb.
Bundan başqa, yaxalanan 400 İŞİD silahlısından 120-sinin PYD sıralarında döyüşəcəyi bildirilib.