
“Ukraynanın son dövrlərdə Kerç Boğazı, Krım xətti və Rusiyanın yanacaq–logistika infrastrukturuna yönəlmiş əməliyyatlarını artırması, müharibənin getdikcə daha çox “strateji yıpratma” və politik psixologiya çərçivəsində “psixoloji savaş” boyutunu da içeren çoxqatlı bir struktur qazandığını göstərir. Bu cür addımların əsas məqsədi sahədəki birbaşa hərbi balansları qısa müddətdə dəyişdirməkdən ziyadə qarşı tərəfin logistik imkanlarını çətinləşdirmək, təchizat xətlərini təzyiq altına almaq və nəzarət etdiyi bölgələrdə davamlılığı daha bahalı hala gətirməkdir. Xüsusilə enerji infrastrukturu və nəqliyyat dəhlizlərinin hədəf alınması, müasir müharibələrdə iqtisadi və əməliyyat dayanıqlığının nə qədər kritik hala gəldiyini ortaya qoyur. Kerç Boğazı və Krım Körpüsü xətti bu kontekstdə yalnız fiziki bir keçid nöqtəsi deyil, eyni zamanda, Rusiyanın Krım ilə ana quru ərazisi arasındakı logistik bütövlüyünü təmin edən ən kritik arteriyalardan biridir. Bu xəttin funksionallığı, hərbi yüklərin fasiləsiz daşınması və mülki-hərbi keçidlərin nizamlılığı baxımından müəyyənedici xarakter daşıyır. Buna görə də bu cür nöqtələrə yönəlmiş əməliyyatlar, birbaşa “nəzarət dəyişikliyi” yaratmasa belə, logistik axının yavaşlamasına, alternativ marşrutların işə salınmasına və təhlükəsizlik xərclərinin artmasına səbəb olur”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri, beynəlxalq münasibətlər üzrə mütəxəssis Mehmet Gökhan Özçubukçu söyləyib.
M.G.Özçubukçunun sözlərinə görə, yanacaq infrastrukturuna yönəlmiş hücumlar isə daha geniş iqtisadi və əməliyyat təzyiq sahəsi formalaşdırır: “Neft emalı zavodları, saxlama obyektləri və paylama mərkəzləri müasir müharibələrdə yalnız hərbi deyil, eyni zamanda daxili iqtisadi sabitliyin də əsas elementləridir. Bu cür obyektlərə yönəlmiş təzyiqlər, xüsusilə regional səviyyədə yanacaq təchizat zəncirində pozuntulara və zaman-zaman müvəqqəti qıtlıq təsəvvürünün yaranmasına səbəb ola bilir. Lakin Rusiya kimi geniş istehsal gücünə və yüksək ehtiyat toplama imkanlarına malik ölkələrdə bu təsirlər adətən sistematik bir çöküşdən daha çox müvəqqəti və regional səviyyədə hiss olunur. Bu inkişafları Qara dəniz təhlükəsizlik memarlığı baxımından qiymətləndirdikdə isə daha geniş geosiyasi mənzərə ortaya çıxır. Qara dəniz həm enerji koridorları, həm də hərbi hərəkətlilik baxımından artıq yüksək həssaslığa malik bir bölgədir. Ukraynanın liman infrastrukturu, Rusiyanın Krımdakı hərbi mövcudluğu və Türkiyənin balanslaşdırıcı dəniz təhlükəsizliyi rolu bu hövzədə çoxqatlı bir təhlükəsizlik strukturu formalaşdırır. Buna görə Kerç Boğazı ətrafındakı hər cür gərginlik yalnız lokal deyil, bütün Qara dəniz sistemini təsir edən zəncirvari nəticələr doğura bilər”.
Mütəxəssis qeyd edib ki, xüsusilə taxıl dəhlizləri, enerji nəqli xətləri və dəniz ticarət marşrutları nəzərə alındıqda, Qara dənizdə sabitliyin pozulması qlobal miqyasda da təsirlər yarada bilər: “Sığorta xərclərinin artması, ticari gəmi hərəkətində risk qavrayışının yüksəlməsi və liman əməliyyatlarında yaşanan qeyri-müəyyənliklər bölgənin iqtisadi işləmə mexanizmini birbaşa təsir edir. Bu vəziyyət Qara dənizi yalnız hərbi deyil, eyni zamanda, iqtisadi təhlükəsizlik baxımından da kritik bir sahəyə çevirir. Bu çərçivədə məsələnin özünə qayıtsaq, Kerç Boğazı və enerji infrastrukturuna yönəlmiş bu əməliyyatlar Rusiyanın nəzarət etdiyi bölgələrdəki mövqeyini zəiflətmək üçün təkbaşına kifayətdirmi? sualına cavab verəcək olsaq, bu cür əməliyyatların birbaşa və sürətli strateji qırılma yaratmaqdan daha çox, uzunmüddətli bir təzyiq və xərc artırma mexanizmi olduğu görünür. Müasir iri dövlət strukturları, xüsusilə enerji və logistik infrastrukturu güclü olan ölkələr, bu cür şokları müəyyən qədər absorbe edə biləcək imkanlara malikdir. Alternativ logistik xətlər, daxili istehsalın yenidən yönləndirilməsi və ehtiyat idarəetməsi sayəsində qısa müddətli pozuntular adətən nəzarət altında saxlanılır”.
O əlavə edib ki, lakin orta və uzun müddətdə bu əməliyyatların təsiri daha aydın şəkildə görünə bilər: “Davamlı olaraq hədəf alınan logistik və enerji infrastrukturu həm xərcləri artırır, həm də əməliyyat çevikliyini məhdudlaşdırır. Təhlükəsizlik tədbirlərinin intensivləşməsi, alternativ marşrut ehtiyacının artması və resursların yenidən bölüşdürülməsi müharibə iqtisadiyyatı üzərində əlavə təzyiq yaradır. Bu da dolayı yolla davamlılıq potensialını təsir edə bilər. Nəticə olaraq Kerç Boğazı, Krım xətti və Qara dəniz ətrafındakı logistik-enerji infrastrukturuna yönəlmiş bu inkişaflar, müharibənin xarakterinin klassik cəbhə müharibəsindən çıxaraq daha mürəkkəb, çoxqatlı və iqtisadi dərinliyi olan bir struktura keçdiyini göstərir. Müəyyənedici amil isə bu təzyiqin davamlılığı və qarşı tərəfin buna verəcəyi logistik və strateji adaptasiyanın sürətidir. Qara dəniz ekseni bu mənada yalnız bir qarşıdurma sahəsi deyil, eyni zamanda, Avropa-Avrasiya təhlükəsizlik memarlığının ən kritik tarazlıq nöqtələrindən biri olaraq qalmağa davam edir”.
Röya İsrafilova