Milli Dram Teatrında “İvan İliçin ölümü” tamaşasının məşqlərinə başlanılıb Mədəniyyət

Milli Dram Teatrında “İvan İliçin ölümü” tamaşasının məşqlərinə başlanılıb

Akademik Milli Dram Teatrında Lev Tolstoyun “İvan İliçin ölümü” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb. Səhnə əsəri teatrın Abbas Mirzə Şərifzadə adına səhnəsində hazırlanacaq.

Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov tamaşanın yaradıcı heyəti ilə görüşüb, onları yeni səhnə əsərinin məşqlərinə başlanılması münasibətilə təbrik edib, uğurlar arzulayıb. İlham Əsgərov qeyd edib ki, 14 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan mədəniyyəti 2040” Dövlət konsepsiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində teatr sənətinin inkişafı, gənc rejissorların yaradıcılıq potensialının stimullaşdırılması və onların peşəkar fəaliyyətinə dəstək məqsədilə “Bölgə teatrlarının Bakı premyeraları” layihəsinin yeni - II ci mərhələsi başlamışdır. Yeni tamaşa bu layihənin bir hissəsidir.

Tamaşanın quruluşçu rejissoru Nicat Mirzə, səhnələşdirmənin müəllifi Cavid Zeynallı, quruluşçu rəssam Anar Əliyev, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır.

Yeni səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov, Şəlalə Şahvələdqızı, aktyorlar Ramin Şıxəliyev və Elsevər Rəhimov iştirak edirlər.

Lev Tolstoyun “İvan İliçin ölümü” əsəri baş qəhrəman İvan İliçin son günlərində çəkdiyi əzablı ağrılar və ölümü üzərində qurulmuşdur. Əsər sırf maddi mənfəətə köklənmiş həyatın mənasızlığını və mənəvi ağrıların dözülməz həddə çatdığı halı əks etdirir.