“Bu müharibədə həlledici amil qlobal güclərin razılaşmasıdır” Dünya

“Bu müharibədə həlledici amil qlobal güclərin razılaşmasıdır”

“Müharibə təcrübələrinin təhlili göstərir ki, müharibənin taleyini həll edən başlıca amillər sadəcə dövlətlərin hərbi gücü və döyüş qabiliyyəti, cəbhədəki irəliləmələri deyil, eyni zamanda, strateji məntəqələr və infrastruktur üzərində təsir imkanları ilə ölçülür. Məsələn, İran ABŞ və İsrailə qarşı müharibənin taleyini mühüm ölçüdə Hörmüz boğazında təsir gücü ilə həll etdi və ABŞ-dən ciddi güzəştlər əldə etməyə nail oldu. Lakin eyni şeyi Kerç boğazı haqda söyləmək mümkün deyil. Çünki bu boğaz beynəlxalq əhəmiyyətli deyil, daha çox regional və ya Rusiya və Ukrayna üçün milli əhəmiyyətlidir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

O qeyd edib ki, xüsusilə 2014-cü ildə Krımı işğal edən Rusiya üçün bu keçid yarımada ilə əlaqənin təmin olunması baxımından strateji əhəmiyyətli qazandı: “2019-cu ilin sonunda bu boğazda fəaliyyətə açılan Krım (Kerç) körpüsü də eyni dərəcədə strateji-logistik əhəmiyyətə malikdir. Lakin alternativi olmayan marşrut deyil. 2019-dan öncə Rusiya yarımada ilə əlaqələri necə təmin edirdisə (su yolu ilə) indi də bu alternativ mövcuddur. Həmçinin Krım körpüsü Ukrayna ilə 2022-ci ildə müharibə aktivləşəndən indiyədək bir neçə dəfə partladılıb. Hər birində müvəqqəti keçid imkanları dərhal, tam bərpa isə bir neçə aya həyata keçirilib. Bununla yanaşı Rusiyanın Donbasda ərazi işğalları ona Krımla yeni quru yolu yaratmağa imkan verib. Başqa sözlə, bu strateji məntəqənin vurulması müharibənin taleyini həll etmək üçün yetərli deyil. Neft emalı müəssisələrinin vurulması haqda da, hazırkı mərhələ üçün eyni fikirləri söyləmək olar”.

Ş.Cəlilzadə əlavə edib ki, düzdür ki, Ukrayna indiyə kimi Rusiyanın 33 ən böyük neft emalı müəssisəsindən 20-dək müəssisəni vurub: “Bu, təbii ki, Rusiyada müəyyən kəsintilər, təchizat ləngimələri, satış məhdudiyyətləri yaradır. Lakin neft və qaz istehsalına görə dünya ikincisi olan bir ölkədən söhbət gedir. Həmçinin Rusiyanın Ukraynaya da irimiqyaslı cavab zərbələri həyata keçirilir. Odur ki, tərəflərin bir-birinin resursunu tükəndirməyə yönələn bu müharibədə həlledici amil qlobal güclərin razılaşmasıdır. Əgər belə bir razılaşma olmazsa müharibənin Rusiya-NATO arasında birbaşa və açıq qarşıdurma mərhələsinə keçid etmək riski ola bilər və bu riski dəyərləndirən Rusiya xarici işlər naziri Sergey Lavrov nüvə təhdidini səsləndirib”.

Röya İsrafilova