
Sudandakı vətəndaş müharibəsi 21-ci əsrdə sayca bu ölkədəki vətəndaş qarşıdurmasının 3-cü mərhələsinə adlayıb. Bu müharibə 2003-cü ildə alovlanıb, 2023-cü ilin aprelində yeni mərhələyə daxil olub. Müharibənin etnik tərəfləri ilə yanaşı, sosial, siyasi tərəfləri də mövcuddur. Əsasən əkinçiliklə məşğul olan yerli zənci tayfaları ilə bu ölkəyə gəlmə sayılan şoa ərəbləri arasında etnik zəmində başlamış qarşıdurma maldarlıq, əsasən dəvə bəslənməsi və satışı ilə məşğul olan və ərəb dilinin Sudan dialektində danışan şoa ərəbləri arasında gəlirlərə nəzarət və böluşdurulmə ilə bağlı məsələlərə fərqli baxışlardan doğub, tədricən böyüyərək siyasi müstəviyə keçib, dövlətin hadisələrə müdaxiləsi ilə hərbi qarşıdurma səviyyəsinə yüksəlib.
Bunu xalqcebhesi.az-a politoloq Elşən Manafov Sudanda baş verən vətəndaş müharibəsi ilə bağlı deyib.
Onun sözlərinə görə, şoa ərəbləri Sudanla yanaşı qonşu Niğeriya, Çad, Mərkəzi Afrika respublikasında yaşayan və hazırda bu ölkələrdə ümumi sayı 3 milyondan yuxarı olan zənci mənşəli ərəb qəbilələridir. Onların başında Məhəmməd Həmdan Daqlo adlı şəxs durur ki, hazırda Sudanın dövlət və hərbi xadimidir. Daqlo əvvəllər dəvəçiliklə məşğul olmuş, dəvə satışından əldə etdiyi gələrlərlə bu ölkədə karvan yollarına nəzarət və basqınları həyata keçirmişdir. Ətrafındakı silahlı birləşmələrin Sudan Silahlı Qüvvələrinə reinteqrasiya edilməsi şərtləri ilə prezident Ömər Əl Bəşirin təkliflərini qəbul etdikdən sonra Sudan hərbi qüvvələrinin general-leytenantı rütbəsinə yüksəldilmişdir. Darfurt ətrafındakı qızıl mədənlərinin birinə nəzarəti ələ keçirdikdən sonra hakimiyyətlə münasibətləri kəskinləşmişdir:
"Ümumiyyətlə, onun siyasi yuksəlişində hakimiyyətin rolu, ilk baxışda onu zərərsizləşdirmək üçün liberal mövqe sərğiləməsi birmənalıdır. Bu mənada o Sudanın Surət Huseynovu və ya Putinin dəstəyi ilə Vaqnerin başına gətitilmiş Priqojinidir. Daqlonunun tabeliyində olan və Sürətli Dəfetmə Quvvələri statusunu qazanmış qiyamçı hərbi birləşmələri Sudan prezidenti Əbdul Fəttax Əl Burhanın tərkisilah etmək cəhdi uğursuz olub və ölkəni humanitar fəlakətə surukləyib. Hazırda bu ölkədə 25 milyondan çox əhali aclıqdan əziyyət çəkir, BMT-nin açıqlamalarına görə 11,5 milyon insan qaçqın düşüb, 330 dan yuxarı xəstəxana dağıdılıb, ölkənin infrastukturuna ciddi ziyan dəyib".
Politoloq onu da deyib ki, Türkiyə və Misir kimi musəlman ölkələri rəsmi Xartuma dəstək göstərsələr də, silahlı müxalifət Liviya, Birləşmiş Ərəb Əmirlikləri, hətta Kolumbiyadan silahlı dəstəyə malikdir. Keniya kimi Afrika dövləti rəsmən Daqloya diplomatik dəstək verir.
Beynəlxalq güclər münaqişəni pisləsələr də, Sudanın təbii sərvətləri, ilk növbədə qızıl mədənləri ilə bağlı maraqlar baxımından gözləmə mövqeyindədirlər. Ölkədəki aclığın dəf edilməsi üçün Rusiyanın yüz tonlarla göndərdiyi taxılın əhəmiyyəti böyükdür.
Cavid