17:00
560
“Avropada Rusiyayla əlaqələndirilən təxribatların artması Moskvanın Qərbə qarşı hibrid mübarizəsində daha fəal mərhələyə keçdiyini göstərir. Burada əsas məqsəd genişmiqyaslı hərbi qarşıdurmaya başlamadan Avropa ölkələrinin təhlükəsizlik sistemlərini sınaqdan keçirmək, cəmiyyətdə qorxu yaratmaq və Ukraynaya göstərilən dəstəyin siyasi-iqtisadi xərcini artırmaqdır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov deyib.
A.Nəsirovun sözlərinə görə, kritik infrastruktura müdaxilə, kiberhücumlar, dezinformasiya kampaniyaları və müxtəlif təxribat cəhdləri bir-birindən ayrı hadisələr deyil, vahid təzyiq strategiyasının elementləri kimi qiymətləndirilə bilər: “Rusiya bu üsullarla həm Qərbin zəif nöqtələrini müəyyənləşdirməyə, həm də mümkün cavab reaksiyasının sərhədlərini yoxlamağa çalışır. Bu prosesin yeni mərhələ sayılmasının əsas səbəbi hibrid vasitələrin miqyasının və risk dərəcəsinin artmasıdır. Ukrayna cəbhəsində sürətli nəticə əldə edə bilməyən Moskva qarşıdurmanı tədricən Avropanın daxili təhlükəsizlik mühitinə daşımaqla Qərbin diqqətini və resurslarını parçalamağa çalışa bilər”.
“Bununla belə, Avropa dövlətlərinin hər hadisəyə görə Rusiyanı ittiham etməzdən əvvəl konkret sübutlar ortaya qoyması vacibdir. Əks halda, yanlış qiymətləndirmələr gərginliyi daha da dərinləşdirə bilər. Lakin hadisələr arasında koordinasiyanın təsdiqlənməsi Rusiyanın artıq yalnız Ukraynaya deyil, bütövlükdə Avropanın siyasi sabitliyinə və təhlükəsizlik arxitekturasına qarşı uzunmüddətli təzyiq siyasəti həyata keçirdiyini göstərəcək” deyə siyasi şərhçi əlavə edib.
Röya İsrafilova