İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib Gündəm

İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubundakı Baraşit, Beyt-Yahun və Nəbatiyə əş-Şərqiyə (Nəbatiyə əl-Fövqa) şəhərlərinə hava zərbələri endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Naharnet" xəbər portalı məlumat yayıb.

Məlumata görə, hücumlar həmin yaşayış məntəqələrində yerləşən şiə "Hizbullah" təşkilatının hərbi obyektlərinə qarşı yönəlib. Zərbələrin endirildiyi ərazilərdən göyə sıx tüstü dumanı yüksəlir.

Yerli hakimiyyət orqanlarından hələlik xəsarət alanlar və dəymiş maddi ziyan barədə məlumat daxil olmayıb. Çərşənbə günü Livanın cənubunda İsrail pilotsuz uçuş aparatlarının keçirdiyi reydlər nəticəsində "Hizbullah"ın üç üzvü zərərsizləşdirilib.

Günün birinci yarısında İsrail artilleriyası sərhədyanı Mərcayun dairəsindəki Bani-Hayan və Tallusa kəndlərinin ətraflarını atəşə tutub, burada müqavimət qüvvələri döyüşçülərinin hərəkətliliyi müşahidə olunub.

Məryəm Quliyeva