“Rusiya Ermənistana təzyiqi artırır” Dünya

“Rusiya Ermənistana təzyiqi artırır”

“Ermənistanın KTMT-də üzvlüyünün dayandırılması institusional baxımdan bu ölkənin Rusiyadan uzaqlaşması anlamına gəlir”.

Bunu deputat Azər Allahverənov Xalqcəbhəsi.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, siyasi müstəvidə hələlik Moskva ilə İrəvan arasında ciddi uzaqlaşmanın baş verdiyini söyləmək doğru olmaz: “Hazırda münasibətlərdə müəyyən soyuqluq müşahidə olunsa da, həm Rusiyanın Ermənistana, həm də Ermənistanın Rusiyaya ehtiyacı qalmaqdadır. Ermənistanın KTMT-də fəaliyyəti dondurulsa da, ölkə hələ də təşkilatın üzvüdür. Bu isə Rusiya üçün mühüm təzyiq aləti olaraq qalır. Hesab edirəm ki, noyabr ayında keçiriləcək KTMT toplantısında Ermənistanın təşkilatdan çıxarılması ilə bağlı hər hansı müzakirələrin gündəmə gətirilməsi daha çox İrəvana siyasi təzyiq elementi kimi qiymətləndirilməlidir”.

Azər Allahverənovun sözlərinə görə, vəziyyət yalnız KTMT ilə məhdudlaşmayacaq və eyni zamanda Avrasiya İqtisadi İttifaqı çərçivəsində də oxşar addımlar atılacağı təqdirdə münasibətlər tamamilə fərqli mərhələyə keçə bilər: “Ermənistanın həm KTMT-dən, həm də Avrasiya İqtisadi İttifaqından uzaqlaşdırılması Moskva ilə İrəvan arasında münasibətlərin daha da soyumasına səbəb ola bilər. Bu gün Ermənistanın Avropa İttifaqı ilə əlaqələri sürətlə inkişaf edir. Avropa Komissiyasının yüksək səviyyəli nümayəndələrinin İrəvana səfərləri və verilən bəyanatlar da bunu təsdiqləyir.Əgər Ermənistanın həmin iki platforma ilə əlaqələri kəsilərsə, bu halda ölkənin Avropa İttifaqına daha sıx inteqrasiyası qarşısında siyasi və institusional maneələr əhəmiyyətli dərəcədə azalacaq. Avrasiya İqtisadi İttifaqının son toplantısında qəbul edilən birgə bəyanatda da Ermənistan qarşısında müəyyən öhdəliklərin qoyulduğu bildirilir. Bəyanatda Ermənistana dekabr ayınadək referendum keçirərək Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında strateji seçimini müəyyənləşdirməsi ilə bağlı yanaşma ortaya qoyulub. Bu da regionda geosiyasi proseslərin yeni mərhələyə keçdiyini göstərən mühüm siqnallardan biridir”.

Günel Elxan