İran Ermənistanı hədəfə alıb Dünya

İran Ermənistanı hədəfə alıb

İranın narahatlığının mərkəzində məhz Ermənistanın cənubundan keçməsi planlaşdırılan TRİPP (Trump Route for International Peace and Prosperity) layihəsi dayanır. Bu, “Zəngəzur dəhlizi” adlandırılan marşrutla birbaşa bağlıdır.

Bunu xalqcebhesi.az-a politoloq Ərəstun Əlizadə deyib.

O, qeyd edib ki, burada çox mühüm bir geosiyasi detal var. Tehran üçün məsələ sadəcə Azərbaycan–Naxçıvan quru bağlantısı deyil.

TRIPP Zəngəzur bölgəsindən keçərək Azərbaycanı Naxçıvanla birləşdirəcək. Və bu layihədə ABŞ-ın mühüm rolu nəzərdə tutulur:

"Maraqlıdır ki, Korneqi fondunun təhlilində də TRIPP-in Cənubi Qafqazda ABŞ-ın rolunu əhəmiyyətli dərəcədə artırdığı vurğulanır. Sitat: "Bu xətt İranın Cənubi Qafqazdakı geosiyasi mövqeyini zəiflədə, ABŞ ın mövqeyini isə gücləndirə bilər. Daha da əhəmiyyətlisi, İranın Ermənistanla olan yeganə quru sərhədi məhz Sünik istiqamətindədir. Ona görə də Tehran üçün bu, adi logistika layihəsindən daha böyük məsələdir. 2025-ci ildə İranın Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti də TRIPP-ə qarşı son dərəcə sərt mövqe nümayiş etdirmişdi".

Qeyd edim ki, hazırda regionda yeni bir mərhələ yaranıb. Təsadüfü deyildir ki, 2026-cı ilin iyulunda İranın Ermənistandakı səfiri Xəlil Şirqolami də TRIPP-in İran üçün yarada biləcəyi risk və təhlükələrin nəzərə alınmasının vacibliyini açıq şəkildə söyləyibdir".

"Məlumat üçün onu da deyim ki, burada üç böyük toqquşan maraq var:

1) Azərbaycan–Türkiyə marağı: Naxçıvanla birbaşa quru bağlantı Türk dünyası və Avropa ölkələri ilə nəqliyyat əlaqələrinin güclənməsini özündə ehtiva edir.

2) ABŞ-ın marağı: Cənubi Qafqazda yeni strateji və iqtisadi mövqe qazanaraq, Rusiya və İranın regional təsirini azaltmağa özündə ehtiva edir.

Və 3) İranın marağı: Ermənistanla sərhədində ABŞ/Türkiyə/Azərbaycan təsirinin güclənməsinin qarşısını almaq və İranın Şimal–Cənub tranzit mövqeyini qorumağı özündə ehtiva edir.

Məhz bütün bunlara görə deyə bilərik ki, TRIPP adi yol və ya dəmir yolu layihəsi deyil. Bu, Cənubi Qafqazın geosiyasi xəritəsini dəyişdirə biləcək layihədir. Və burada İran–Ermənistan–Azərbaycan–Naxçıvan enerji və logistika məsələsi də çox maraqlı şəkildə bir-birinə bağlanır.

Son olaraq... TRIPP sadəcə yol məsələsi deyil; Cənubi Qafqazda güc balansının dəyişməsi məsələsidir. Və burada İranın narahatlığı, Ermənistanın dəyişən geosiyasi istiqaməti, TRIPP, Azərbaycanın Naxçıvan, Türk dünyası və Avropa ölkələri ilə bağlantısı, ABŞ-Rusiya-İran kontekstində bir-birinə bağlı olan məsələdir" - o, qeyd edib.

Cavid