“Türkiyə Avropanın təhlükəsizlik arxitekturasında mühüm geosiyasi mövqeyə malikdir” Dünya

“Türkiyə Avropanın təhlükəsizlik arxitekturasında mühüm geosiyasi mövqeyə malikdir”

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Al Jazeera”ya müsahibəsində səsləndirdiyi “Aİ-yə üzvlük artıq Türkiyənin prioriteti deyil” fikri Ankara–Brüssel münasibətlərində baş verən daha dərin strateji dəyişikliyin ifadəsi kimi qiymətləndirilməlidir. Ərdoğan eyni zamanda Avropanın Türkiyəni İttifaqa qəbul etməyə istəkli görünmədiyini və Türkiyənin üzv olmaması halında itirən tərəfin Avropa olacağını bildirib. Bu açıqlamanın ən mühüm tərəfi Türkiyənin Aİ üzvlüyündən rəsmi şəkildə imtina etməsi deyil”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi ekspert Anar Əli deyib.

A.Əli qeyd edib ki, Türkiyə hələ də Aİ-nin namizəd ölkəsidir: “Lakin 2005-ci ildə başlayan üzvlük danışıqları 2018-ci ildən faktiki olaraq dayanmış vəziyyətdədir. Avropa İttifaqının özü də Türkiyəni bir tərəfdən namizəd ölkə, digər tərəfdən isə təhlükəsizlik, miqrasiya, ticarət və digər sahələrdə “əsas tərəfdaş” kimi xarakterizə edir. Buna görə Ərdoğanın sözləri hüquqi statusdan daha çox siyasi prioritetin dəyişdiyini göstərir. Başqa sözlə, Ankara uzun illər davam edən “Türkiyə Aİ-yə nə zaman üzv olacaq?” müzakirəsinin yaratdığı birtərəfli gözlənti modelindən uzaqlaşmağa çalışır. Yeni yanaşmada Türkiyə özünü Avropanın qapısında üzvlük gözləyən ölkə kimi deyil, öz alternativləri, regional təsir imkanları və müstəqil xarici siyasət gündəliyi olan strateji aktor kimi təqdim edir. Bu baxımdan “Aİ-yə üzvlük prioritetimiz deyil” ifadəsi eyni zamanda geosiyasi özünəinam mesajıdır. Son illərdə Türkiyə xarici siyasətini yalnız Avropa istiqaməti ilə məhdudlaşdırmır; Yaxın Şərq, Qafqaz, Mərkəzi Asiya, Körfəz, Afrika və Asiya ilə münasibətlərini paralel şəkildə inkişaf etdirir. Bu çoxvektorlu siyasət Ankaraya belə bir mövqe formalaşdırmağa imkan verir: Avropa mühüm tərəfdaşdır, lakin Türkiyənin xarici siyasətinin yeganə istiqaməti deyil”.

Ekspert əlavə edib ki, Ərdoğanın “itirilən tərəf Avropa olacaq” mesajı isə münasibətlərdəki asimmetriyanı dəyişdirmək cəhdi kimi oxuna bilər: “Çünki Türkiyə Avropanın təhlükəsizlik arxitekturasında, Qara dəniz və Yaxın Şərq siyasətində, enerji və nəqliyyat marşrutlarında, miqrasiya məsələsində mühüm geosiyasi mövqeyə malikdir. Aİ də rəsmi sənədlərində Türkiyə ilə münasibətlərin qarşılıqlı faydalı inkişafında və regional təhlükəsizlik məsələlərində strateji marağının olduğunu vurğulayır. Bu səbəbdən Ərdoğanın açıqlamasını “Türkiyə Avropadan üz döndərir” şəklində deyil, “Türkiyə Avropa ilə münasibətlərinin şərtlərini yenidən müəyyənləşdirir” şəklində oxumaq daha doğru olar. Əsas dəyişiklik də məhz buradadır: üzvlük əvvəlki kimi Türkiyənin bütün Avropa siyasətini müəyyən edən son məqsəd deyil; münasibətlər getdikcə daha çox təhlükəsizlik, iqtisadiyyat və qarşılıqlı strateji ehtiyaclar əsasında qurulur”.

Onun sözlərinə görə, Ərdoğanın bəyanatı Ankara–Brüssel münasibətlərində sualın istiqamətini dəyişir: Əgər əvvəllər “Türkiyə Aİ-yə nə zaman daxil olacaq?” sualı verilirdisə, indi Ankara “Avropa Türkiyəni kənarda saxlamağın strateji nəticələrini daşımağa hazırdırmı?” sualını gündəmə gətirir: “Məhz bu dəyişiklik Türkiyə–Aİ münasibətlərində yeni mərhələnin ən diqqətçəkən göstəricisidir”.

Röya İsrafilova