15:43
560
ABŞ Dəniz Piyadaları Korpusu Avropada yerləşdirilmiş xüsusi bölməsini NATO-nun "Baltik keşikçisi" missiyasında iştirak etmək üçün Baltik dənizi regionuna göndərəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerika hərbi idarəsi məlumat yayıb.
Məlumata əsasən, ABŞ Dəniz Piyadaları Korpusunun təxminən 50 hərbi qulluqçusu akvatoriyaya nəzarət etmək və dəniz kommunikasiyalarını idarə etmək üçün Finlyandiyanın Sahil Briqadası ilə birgə cəlb olunacaq. Döyüşçülərin kiçik pilotsuz uçuş aparatları və sahilyanı sensor sistemlərindən istifadə edəcəyi gözlənilir; bu sistemlərdən əldə olunan məlumatlar birbaşa NATO-nun ümumi əməliyyat sisteminə daxil olacaq.
Hərbi idarənin məlumatına görə, yerləşdirmə müttəfiqlərin vəziyyətlə bağlı məlumatlılığını artırmağa və sahilyanı zolaqda hibrid təhdidlərə qarşı durmağa yönəlib. Finlyandiya Hərbi Dəniz Qüvvələrinin əməliyyat idarəsinin rəisi kapitan Yohan Tillander vurğulayıb ki, ABŞ dəniz piyadalarının texniki kompleksləri ümumi monitorinq sisteminə inteqrasiya olunacaq.
Məryəm Quliyeva