Üçtərəfli razılıq Ukraynaya nə vəd edir? Dünya

Üçtərəfli razılıq Ukraynaya nə vəd edir?

Rusiya Ukrayna ilə anlaşmaya baxmayaraq, separatçıları silahlandırmağa davam edir

Ruslar Luqansk aeroportunu ələ keçiriblər, Kramatorskda 40 terrorçu öldürülüb

Cavid

Ukrayna, Rusiya və ATƏT nümayəndələri üç görüş keçiriblər. Üçtərəfli müzakirələrdə Ukraynanın şərqində vəziyyətin sülh yolu ilə nizamlanması ilə bağlı rəsmi Kiyevin təklif etdiyi planın əsas mərhələsinin icrası üzrə razılıq əldə edilib.
Ukrayna XİN-in məlumatında bildirilir ki, Donetsk və Luqansk vilayətlərində vəziyyətin nizamlanması, münaqişənin həlli üçün qarşılıqlı kompromislərin axtarılmasına dair ümumi anlaşma əldə edilib. Təmas qrupunun üzvləri danışıqların davam edəcəyi barədə də razılığa gəliblər.
O da bildirilir ki, Ukraynanın şərqində silahlı münaqişənin dayandırılması nəzərdə tutulur. Ukraynanın müdafiə naziri Mixail Koval bildirib ki, prezident Petro Poroşenko müvafiq tapşırıqlar verib. Onun sözlərinə görə, prezident Poroşenko Ukraynanın şərqindəki bütün problemlərin dinc yolla həllinə yönələn kurs seçməklə Donbasda hadisələrin xaricdə hazırlanan ssenari üzrə inkişafının qarşısını alıb. Onun sözlərinə görə, ancaq terror yolunu seçənlərə qarşı güc işlədiləcək.
Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin cənub-şərqində humanitar dəhlizi yaratmağı tapşırıb. Unian.net saytının verdiyi məlumata görə, tapşırığa əsasən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası, Daxili İşlər və Müdafiə Nazirlikləri terrorçuluğa qarşı əməliyyatın keçirildiyi ərazilərdən çıxmaq istəyən dinc əhali üçün bütün vacib şərtləri yaratmalıdır.
Ukrayna prezidenti insanların daşınması, tibbi xidmətin göstərilməsi, onların içməli su, qida və dərmanlarla təminatı üçün mobil şəbəkənin yaradılması barədə göstəriş verib.
Ukrayna prezidentinin sülh yolu ilə problemi həll etmək niyyətini bəyan etməsinə baxmayaraq, separatçılar Ukrayna tərəfini atəşkəs razılığını pozmaqda ittiham edirlər. İyunun 9-da Donetskdə separatçıların nümayəndəsi jurnalistlərə deyib ki, Ukrayna daxili işlər naziri Arsen Avakovla özünü Donetsk "xalq respublikası"nın "lideri" elan edən Denis Puskilin arasında Slavyanskda atəşi dayandırmaq və humanitar dəhliz açılması haqda razılıq əldə olunsa da, şəhər Ukrayna aviasiyası tərəfindən bombardman edilib. O iddia edib ki, Ukrayna silahlı qüvvələrindəki radikallar yuxarıdan gələn əmrlərə tabe olmayaraq özləri bildiyi kimi hərəkət edirlər.
Luqansk separatçıları isə şəhər aeroportunu ələ keçirərək uçuşları dayandırıblar. Xatırladaq ki, iyunun 8-də Ukrayna tərəfi terrorçu dəstələrin Luqansk aeroportuna hücumu haqda xəbər yayıblar.
Kramatorsk şəhərində də döyüşlər davam edib. Son məlumatlar sırasında bu şəhərdə 40 separatçının öldürüldüyü də yer alıb. Ukrayna Hərbi-Siyasi Təhqiqatlar Mərkəzinin rəhbəri Dmitri Timçuk bildirib ki, ötən gecə Kramatorskda gedən qızğın döyüşlərdə separatçılara ağır zərbə vurulub.
Timçuk bildirib ki, rusiyameyilli silahlı üsyançılar qəfildən Kramatorsk şəhər aerodromuna hücuma keçib. Separatçılar snayper və minomyotlardan istifadə edib. Lakin uğursuzluğa düçar olublar: "Ukraynalı hərbçilər separatçıların 2 minomyotunu məhv edib, 40 separatçı isə öldürülüb. Hərbçilər tərəfdən itki olmayıb".
"Exo Moskvı" radiosu isə xəbər verib ki, bazar günü Moskva yaxınlığında Ukraynada həlak olmuş bir neçə Rusiya vətəndaşını ictimaiyyətə məlumat vermədən gizli şəkildə dəfn ediblər.
Donetskdən meyiti gətirilmiş ruslardan biri də prezident V.Putinin rəhbəri olduğu "Vahid Rusiya" partiyasının üzvü olub. Bu, Elektroqorsk şəhər sakini Sergey Jdanoviçdir. Bu barədə mərhumun dostu, Rusiya Kommunist Partiyasının regional bölməsinin katibi Yevgeni Babin xəbər verib.
Onun sözlərinə görə, S.Jdanoviç Ukraynaya öz iradəsi ilə - "Odnoklasniki" sosial şəbəkəsindəki qrup dostları ilə yazışdıqdan sonra gedib. Eyni zamanda, keçmiş Donetsk yaraqlısının Çeçenistandakı qaynar nöqtələrdə xidmət keçdiyi də bəlli olub. S.Jdanoviç mayın 26-27-də Donetsk hava limanındakı döyüşlərdə qətlə yetirilib.
Digər bir məlumata görə isə Ukraynanın Slavyansk şəhərində separatçıların atdığı mərmi nəticəsində 8 yaşlı uşaq dünyasını dəyişib. Bu Slavyanskda başlayan əməliyyatlar zamanı həlak olan ilk uşaqdır. Ukrayna mətbuatının verdiyi xəbərə görə, separatçılar yaşayış binalarını minaatanlardan atəşə tutublar. Şəhərdə vəziyyət ağırdır, su yoxdur, yalnız bir rayonda işıq var, insanların vəziyyəti çox acınacaqlı durumdadır.
Təkcə ölkənin şərqində münaqişə zonasında deyil, Rusiya ilə diplomatik cəbhədə də gərginlik davam edir. Belə ki, Ukrayna və Rusiya rəsmiləri Kiyevin qaz borcu və gələcəkdə satılacaq qazın qiyməti ilə bağlı razılaşa bilməyiblər. Moskva Kiyevi hədələyib ki, bütün borc ödənməsə qaz təchizatı dayandırılacaq. Ancaq Avropanı gözləyən mümkün qaz böhranından bir qədər yayınmaq mümkün olub, belə ki, tərəflər iyunun 11-də yenidən görüşməyə razılaşıblar.
İyunun 9-da iki ölkənin energetika nazirləri və AB-nin Enerji komissarı arasında keçirilən danışıqlar 7 saat davam edib, ancaq Ukrayna naziri Yuri Prodan irəliləyiş əldə edilmədiyini deyib.
Avropa Birliyindən isə bildiriblər ki, borcun ödənişi ilə bağlı danışıqlar razılaşmaya yaxın olsa da, qazın qiyməti ilə bağlı fikir ayrılıqları hələ də qalır.
Qaz danışıqları sonuncu dəfə iyunun 2-də keçirilib. Mayın 30-da Ukrayna "Qazprom"a borcunun bir hissəsini - 800 milyon dollar ödəyib.
Rusiya Ukraynaya satılan qazın qiymətini 268 dolardan 485 dollara qədər artırıb. AB narahatdır ki, Rusiyanın Ukraynaya qaz təchizatını dayandırması AB ölkələrindən bəzilərini qazsız qoyar.
Espert Tərlan Həsənovun fikrincə, Ukrayna-Rusiya münasibətləri o qədər də asanlıqla yoluna düşməyəcək: "Poroşenko yenicə hakimiyyətə gəlib, hələ yerini tam bərkitməyib. Putin isə Avropanın təpkisi ilə üzləşib. Digər tərəfdən "Cənub axını" problemi Moskva üçün əlavə bir başağrısına çevrilib. Ona görə də indi Putinin qəzəbi daha da artıb. Axı Ukrayna üzündən bu gün o belə problemlərlə üzləşib. Ona görə də mənə elə gəlir ki, əldə olunan razılaşma Ukraynaya yaxşı heç nə vəd etmir. Rusiya bir yandan Ukraynaya vəziyyətin sülh yolu ilə nizamlanacağına sözə verəcək, digər tərəfdən isə separatçılarını silahlandıracaq. Məsuliyyəti isə öz boynundan atacaq. Bu Kremlin siyasətidir, ona bel bağlamaq olmaz".
ALDP sədri Fuad Əliyevin fikrincə isə rəsmi Moskvanın siyasətində Ukraynanı bütünlüklə özündən asılı vəziyyətə salmaq durursa, onda onun nə şərqində, nə də qərbində heç bir sülh yaratmaq istəyindən söhbət gedə bilməz: "Faktdır ki, Ukraynadakı vəziyyətin bu həddə çatmasında Rusiyanın böyük rolu var. Rusiyanın barmağı olan münaqişələrin heç birində sülhdən söhbət getmir və gedə də bilməz. Münaqişəli bölgələrdə sülh olsaydı onda Kreml MDB məkanında hegemon siyasətini həyata keçirə bilməz. Ona görə də, Ukraynada sabitliyin yaranması Moskvanın maraqlarına xidmət etmir. Sadəcə rəsmi Moskva Avropanın təzyiqindən qurtulmaq üçün ATƏT və yaxud da hansısa beynəlxalq təşkilatın rəsmiləri ilə Ukraynadakı vəziyyəti müzakirə edir. Təbii ki, Ukrayna hakimiyyətinin iştirakı ilə. Yəni, Ukraynada vəziyyətin yaxşılaşması üçün "mən də varam" prinsipini həyata keçirir. Amma bütün bunların görüntü xarakteri daşıdığı aydındır. Rusiya Gürcüstan, Azərbaycan, Moldovada sabitlik yaradardı. 20 ildən çoxdur ki, bu bölgələrdə sülh bərqərar olmur. Putin hakimiyyəti imperialist siyasətinə davam etməkdədir və Avropaya qarşı layihələr üzərində işləyir. Söhbət təbii ki, Avrasiya İttifaqı, Gömrük Birliyindən gedir. Yəni, demək istəyirəm ki, Putin MDB məkanında sülhün bərqərar olmasını istəyirsə, Kreml kənara çəkilməlidir ki, hər şey öz axarı ilə getsin".