Kim Çenin güzəştləri: Tramp Pxenyana gedir? Dünya

Kim Çenin güzəştləri: Tramp Pxenyana gedir?

ABŞ Prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen İn may ayınadək görüşə bilərlər. Bu barədə Cənubi Koreyanın milli təhlükəsizlik üzrə müşaviri Çunq Euy-yonq ABŞ rəsmiləri ilə görüşdükdən sonra Ağ Evdə mətbuata açıqlamasında deyib. O bildirib ki, Kim Çen Trampa göndərdiyi məktubunda Koreya yarımadasının nüvə silahsızlaşdırılması məsələsini müzakirə etmək üçün görüşmək istədiyini yazıb: "Tramp KXDR liderinin dəvətini qəbul edərək, tezliklə onunla görüşməyə razı olduğunu bildirib".
Ağ Evin mətbuat katibi Sara Sanders ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen İnlə görüşməyə hazır olduğunu təsdiqləyib. "Tramp Kim Çen İnin görüş təklifini qəbul edir. Biz Şimali Koreyanın nüvəsizləşməsini səbirsizliklə gözləyirik", - Sanders açıqlamasında deyib. Görüşün may ayına kimi baş tutacağını deyən mətbuat katibi bununla yanaşı razılaşma əldə edilənə qədər Şimali Koreyaya qarşı sanksiyaların saxlanılacağını da qeyd edib.
İki ölkənin bir-birinə qarşı təhdid və zorakılıqlarından aylar sonra ortaya çıxan bu hadisə ciddi irəliləyiş kimi görünür. Hətta bunu Tramp administrasiyası da xüsusi vurğulayıb. ABŞ-la birbaşa danışıqlara qatılacaq Şimali Koreyanın aşağıdakı güzəştlərə gedəcəyi gözlənilir:
1. Şimali Koreya nüvə araşdırmalarından imtina etməyə hazırdır;
2. Şimali Koreya bütün nüvə və raket sınaqlarını dayandıracaq;
3. Şimali Koreya ABŞ-Cənubi Koreya hərbi təlimlərinin davam etməsinə normal yanaşacaq.
Maraqlı məqamlardan biri də görüşə qəbul edən Trampın Pxenyana gedib-getməyəcəyidir. Belə ki, Kim Çen məktubda güzəştə gedə biləcəyi məqamlara toxunub və Trampı görüşə dəvət edib, ABŞ lideri isə bu görüşü qəbul edib. Qeyd edək ki, vəzifədə olan heç bir ABŞ prezidenti Şimali Koreya lideri ilə görüşməyib, lakin dəfələrlə Şimali Koreyanı nüvəsizləşdirməyə cəhdlər edilib