İran kəşfiyyatı 27 separatçını saxlayıb Dünya

İran kəşfiyyatı 27 separatçını saxlayıb

Qərbi Azərbaycan əyalətində İran kəşfiyyatı tərəfindən terror aktları hazırlayan separatçı qruplaşmanın dörd silahlı özəyi ləğv edilib, onların 27 üzvünün hamısı saxlanılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Kəşfiyyat Nazirliyinin adıçəkilən əyalət üzrə baş idarəsi məlumat yayıb.

"Sionist (İsrail nəzərdə tutulur – red.) və Amerika planı çərçivəsində ölkə daxilində terror aktları və sabitliyi pozmaq planları hazırlayan separatçı qruplaşmanın dörd silahlı özəyinin üzvləri kəşfiyyat toruna düşüblər və bu özəklərin üzvü olan 27 terrorçunun hamısı müəyyən edilərək saxlanılıb", – deyə İran dövlət teleradio şirkətinin yaydığı bəyanatda bildirilir.

Qurumun məlumatına görə, saxlanılan şəxslərdən 52 ədəd "Kalaşnikov" avtomatı, 94 daraq və "Starlink" terminalı müsadirə edilib. İddialara əsasən, bu özəklər sərhədyanı rayonlardan ölkə şəhərlərinə silah və "Starlink" terminallarının daşınması ilə məşğul olublar. Bundan əlavə, İrana daxil olarkən qonşu ölkələrdən qaçaqmalçılıq yolu ilə silah və döyüş sursatı gətirən üç qrupun altı üzvü (onlardan biri əcnəbidir) saxlanılıb. Onlardan tapançalar da daxil olmaqla 201 ədəd silah və 100 daraq götürülüb.

Məryəm Quliyeva