Ukrayna-Rusiya sərhədində qanlı döyüşlər Dünya

Ukrayna-Rusiya sərhədində qanlı döyüşlər

40-dan çox terrorçu məhv edilib

Ukrayna-Rusiya sərhədi yaxınlığında Ukrayna ordu hissələri ilə separatçılar arasındakı döyüşdə qanunsuz silahlı dəstələrin 40 üzvü öldürülüb.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti rəsmi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Snejnoye yaşayış məntəqəsinin cənubundakı yolda Ukrayna hərbi helikopterləri Rusiya ərazisindən daxil olan avtomobil karvanına zərbələr endirib: "Helikopterlərin zərbələrindən sonra əraziyə hava desantı endirilib və düşmənin darmadağın olunması başa çatdırılıb. Terrorçular 12 avtomobil və 40-dan çox adam itiriblər. Onlar külli miqdarda Rusiya mənşəli silah və sursat, o cümlədən "PZRK", tank əleyhinə və atıcı silahlar gətirirdi".
Bundan başqa, Ukrayna hərbçiləri Donetsk vilayətinin Rusiya sərhədi yaxınlığında yerləşən Stepanovka yaşayış məntəqəsi ətrafında separatçı-terrorçu qruplaşmaya aid 2 tank, 2 "BTR" və üzərində iri çaplı pulemyot quraşdırılmış 2 KAMAZ avtomobilini məhv ediblər.
İri miqyaslı əməliyyat Ukrayna-Rusiya sərhədinin nəzarətsiz qalmış istiqamətlərini bağlamaq məqsədilə keçirilir. Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenko şənbə gününə qədər sərhədin nəzarətə götürüləcəyini bəyan edib: "Bu gecə Silahlı Qüvvələr Milli Qvardiyanın dəstəyi ilə dövlət sərhədi boyunca cənubdan şimala və şimaldan cənuba marş keçirib. Məqsəd sərhəd xəttinin terrorçuların arasıkəsilməz hücumları nəticəsində təəssüf ki, açıq qalmış hissəsini bağlamaqdır. Hesab edirəm ki, dövlət sərhədi sabaha qədər tam bağlanacaq. Bütün yollar hərbi texnika tərəfindən atəş altında saxlanılacaq, Ukrayna ərazisinə soxulmağa cəhd göstərən silahlılar məhv ediləcək".