Hər iki tərəf üçün faciə ilə bitəcək qarşıdurma Dünya

Hər iki tərəf üçün faciə ilə bitəcək qarşıdurma

Trampın mübahisəyə qoşulması Ərdoğanın populyarlığını artırır
ABŞ prezidenti Donald Trampın ticari-siyasi səhvləri arasında Türkiyə bu günə qədər ən dəhşətli hadisə ola bilər. Bir neçə il əvvəl Türkiyə iqtisadi və geosiyasi uğur hekayəti idi və Birləşmiş Ştatlar qürurla bunda əsas rol oynadığını iddia edə bilərdi. Bəzi ikitərəfli mübahisələr olsa da, Türkiyə bir çox onilliklər boyu etibarlı müttəfiqi olub. Ancaq son illərdə münasibətlərdə dəyişiklik baş verib. Bu yay Türkiyənin iqtisadiyyatı olduqca sərbəst pul-maliyyə siyasətinin ağırlığı altına girib. Daha sonra ABŞ-ın ticarət maneələri və sanksiyalarla "cəzalandırma" tədbirlərinə baxmayaraq, türk hökuməti həbsxanadakı amerikalı pastoru azad etməyib. Tramp türk alüminiumu və poladına idxal tariflərini iki qat, müvafiq olaraq 20 və 50% artırdığını açıqlayıb.
"Strateq" "Project Syndicate"yə istinadən yazır ki, Türkiyənin valyuta böhranı qeyri-sabit iqtisadi siyasətdən geri çəkilmə üçün hökumətə çağırış ola bilərdi. Ancaq Tramp administrasiyasının hərəkətləri sayəsində prezident Rəcəb Tayyib Ərdoğan problemi "bu, ölkəmizə qarşı iqtisadi müharibənin güllələri, mərmiləri və raketləridir", – deyə dərinləşdirib.
Sözsüz, Ərdoğan da günahsız deyil. Ancaq Türkiyənin Qərbə inteqrasiyasının uzun müddət Avropa və ABŞ-a əhəmiyyətli strateji fayda verdiyini xatırladılmalıdır. Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının parçalanması ilə dünyəvi modernləşdirici Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türkiyə Qərbə qoşulmaq istəyən milli iradəli müstəqil ölkə olaraq ortaya çıxıb. İkinci Dünya müharibəsindən sonra Türkiyə bu layihəni NATO, Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı, Tariflər və Ticarət Baş Sazişinə (Dünya Ticarət Təşkilatının sələfi) qoşulmaqla, ciddi şəkildə təqib edib. 1950-1953-cü illərdə türk əsgərləri BMT-nin Koreya Müharibəsi Komandanlığı altında mübarizə aparıblar.
1963-cü ildə Türkiyə Avropa İqtisadi Birliyi ilə Birlik Sazişi imzalayıb; 1995-ci ildə Aİ ilə istehsal olunan mallar üçün gömrük birliyinə girib. Son zamanlar Türkiyə Avropa İttifaqının köçdən azad edilməsinə mühüm dəstək verib. Beləliklə, Avropa İttifaqı Trampın Türkiyəyə qarşı mövcud siyasətinə dəstək verməkdə çətinlik çəkir. Amma Avropanın insan haqları və qanunun aliliyinə dair Ərdoğan hökumətinə iradları, narahatlığı var.
Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) 2002-ci ildə hakimiyyətə gəlib və bundan əvvəl, 2001-ci ildə ölkə ciddi maliyyə böhranı yaşayıb. BVF proqramının dəstəyi ilə yeni hökumət öz sələfinin (Turqut Özalın – tərc.) başladığı islahatları davam etdirib və proqramın müvəffəqiyyəti bütün gözləntiləri aşıb. 2007-ci il seçkilərində AKP-yə dəstək daha da artıb; 2010-cu ilə qədər ölkənin adambaşına düşən gəlirləri, əsrin başlanğıcı ilə müqayisədə, üç dəfə artıb. Türkiyə orta gəlir statusuna çatan işlək demokratiya idi.
Bu ilin iyun ayında Ərdoğan yenidən prezident seçilib. Seçki ərəfəsində hökumət xərcləri kəskin şəkildə artırıb və Ərdoğan faiz dərəcələrini aşağı həddə saxlamaq üçün Türkiyə Mərkəzi Bankına təzyiq göstərib. Bu siyasət sayəsində Türkiyə iqtisadiyyatı 2017-ci ildə böyüyərək 7,5% səviyyəsinə çatıb. Ancaq bu davamlı genişlənmə xarici borc hesabına maliyyələşdirilib və inflyasiya 5 faizdən çox artıb, cari hesabdakı kəsir isə ÜDM-in 5 faizini aşıb.
ABŞ-da pul şərtlərinin sərtləşdirilməsi və Ərdoğanın mənasız maliyyə-pul siyasəti ilə bu ilin ilk yarısında türk lirəsi dəyərinin təxminən 20%-ini itirərək sürətlə məzənnə itirib. Bir çox türk şirkətlərin dollarla olan borclarını lirə ilə ödəməsi çətinləşib. Türkiyədə ortaya çıxan böhranın əlamətləri kəskinləşən ABŞ-Türkiyə münasibətlərindən əvvəl də açıqca görünürdü. Lakin ABŞ-ın idxal tariflərini artırması ilə lirə bir gündə daha 12% dəyərsizləşib. İndi o, dollara qarşı 40%-dən çox ucuzlaşıb. Ərdoğan ABŞ-dan gələn bəzi mallara idxal tariflərini artırıb; Tramp da qətiyyətlə cavabsız qalmayacağını deyib.
Keçmişdə tariflər başqalarına təzyiq göstərmək üçün alət olmayıb. ABŞ, əlbəttə, pastorun azad edilməsi üçün hərəkət etmiş olsa da, əlavə tariflərin tətbiqi ilə həddi aşıb. Çünki digər ölkələr daha ağır cinayətlər üçün daha yüngül cəzalara məruz qalıb. Beynəlxalq birlik uzun müddət ticarət müharibələrinin qlobal ticarət sisteminə qarşı birbaşa təhlükə yaratdığını qəbul edib və beləliklə, bu, son fövqəladə tədbir (və çoxtərəfli təşkilatlar vasitəsilə) kimi istifadə olunmalıdır.
Tramp Türkiyə böhranına qatılmasaydı, Ərdoğanın populyarlığı mütləq şəkildə düşər və hökumət iqtisadi siyasəti dəyişmək məcburiyyətində qalardı. Türk ictimaiyyətinə ölkənin iqtisadi problemlərinin evdə yaradılması və yaxşı zamanların davam etmədiyi aydın olardı. Ancaq indi Ərdoğanın inandırıcı etibarı var. Türkiyəyə qarşı "iqtisadi müharibə aparan" əcnəbilərə qarşı müqavimətlə, o, daha çox ictimai dəstək əldə edib.
Əksər maliyyə böhranlarında zərər çəkmiş ölkənin hökuməti zəruri islahatlar aparmaqla, maliyyə yardımı üçün BVF və digər ölkələrə müraciət edir. Ancaq Türkiyənin vəziyyətində perspektiv dəhşətlidir. Ərdoğanın Qərbi iqtisadi müharibə aparmaqda ittihamını nəzərə alsaq, onun kursu necə dəyişə biləcəyi və indi necə dəstək alacağını təsəvvür etmək çətindir. Ancaq bəzi dəyişiklikləri istisna etməklə, qarşıdurma hər iki tərəf üçün faciə ilə sona çatacaq. ABŞ əsas müttəfiqi itirəcək; türklər tərəqqi və daha da yüksək həyat standartlarında yaşamaq şanslarını.