İran əleyhinə sanksiyalar qüvvəyə mindi Dünya

İran əleyhinə sanksiyalar qüvvəyə mindi

"Uzun və sərt qış mövsümü"nün sonu olacaqmı?
Prezident Donald Tramp məşhur "Games of Thrones" ("Taxt oyunları") serialının plakatı ilə administrasiyasının İrana tətbiq olunacaq sanksiyaları haqqında xəbərdarlıq edib. Sonuncu tvitində Tramp "Sanksiyalar gəlir" başlığını və 5 noyabr tarixini yazıçı Corc Martinin fentezi janrındakı kitabı olan "Ice and Fire Song of A Song"-un ("Buz və odun nəğməsi") üzqabığına oxşadıb.
"Sanksiyalar gəlir" yazısı kitabda xatırlanan sona çatmayan uzun və çətin qış mövsümünə – Tramp administrasiyasının İrana qarşı sanksiyalarının növbəti və ən sərt turunun qüvvəyə minəcəyinə eyhamdır.
May ayında Tramp sələfi, prezident Barak Obama dövründə imzalanan 2015-ci ilin nüvə razılaşmasından çıxıb. O, Tehranı terror qruplarını maliyyələşdirmək və bölgəni ballistik raket texnologiyası ilə qeyri-sabitləşdirməkdə ittihamlayıb.
Əvvəlki sanksiyalar İranın əsas sənaye sahələrinə təsir edib, lakin növbəti quraşdırma neft və qaz ixracı ilə əlaqədar sərt məhdudiyyətləri nəzərdə tutmaqla, enerji sektoruna zərbə vuracaq.
"Newsweek" yazır ki, lakin Trampın Bazar ertəsi günü qüvvəyə minən sanksiyaları yeni pop mədəniyyət üslubunda təqdim etmə cəhdləri qarışıq rəylər doğurub. Hətta serialın yaradıcıları tvitlə etiraz bildiriblər: "Ticarət nişanını necə istifadə edirsiniz?" "Taxt oyunları"ndakı simvolların istifadəsinə, "Sanksiyalar gəlir"ə televiziya serialında çəkilmiş aktrisa Meyzi Uilyams belə cavab verib: "Bu gün yox".
Vaşinqtonda yerləşən İran-Amerika Milli Şurası Trampın siyasi mənfəət üçün hər fürsətdə (humanoid, zombi kimi canlılar da daxil olmaqla) məşhur simvollardan istifadəsini qınayıb. Şura hətta uydurma canlıların belə sərt qış şəraitində yaşaya biləcəyini vurğulayıb.
Trampın nüvə sazişindən imtina qərarı İranın razılaşma şərtlərinə əməl etməsinə dair Beynəlxalq Atom Enerjisi Agentliyinin təkrarlanan bəyanatlarına baxmayaraq, qəbul edilib. MAGATE Tehranın sanksiyalardan azad olma müqabilində nüvə texnologiyasından çəkindiyini təsdiqləyib.
Sazişdən çıxmaya Avropa İttifaqı üzvləri, o cümlədən Fransa, Almaniya və Böyük Britaniyadan, habelə Çin və Rusiyadan etiraz gəlib; sazişi bu ölkələr 2015-ci ildə müqaviləni imzalayıb və ona sadiq qalıb.
Beş ölkə ABŞ-ın sanksiyalarından yayınmaq üçün, ABŞ dolları və maliyyə qurumlarını istisna edən alternativ ödəşmə sistemindən istifadə edərək potensial olaraq İranla işləməyə razılaşıb.
Sentyabr ayında milli təhlükəsizlik müşaviri Con Boltondan gələn ciddi xəbərdarlıqlara baxmayaraq, dövlət katibi Mayk Pompeo səkkiz ölkəyə İran əleyhinə sanksiyalardan istisna veriləcəyini bildirib.
"Associated Press" xəbər verib ki, bu ölkələr İtaliya, Hindistan, Yaponiya və Cənubi Koreyanı əhatə edir. "Reuters" Türkiyənin də bu qrupda iştirak etdiyini açıqlayıb.
İran, öz növbəsində, sanksiyaların yatadığı iqtisadi çətinliklərə baxmayaraq, Tehran hökumətini iqtidardan düşürmək üçün ABŞ-ın səylərinə müqavimət göstərməkdə qətiyyətli qalır. İranın Mübariz Ruhanilər Cəmiyyətinin baş katibi, Tehrandakı Cümə namazının müvəqqəti imamı Əli Müvəhhidi-Kirmani iddia edib ki, Ağ Ev sanksiyalarla bağlı beynəlxalq dəstək qazana bilmədiyindən bu təşəbbüs uğursuzluğa düçar olacaq.
"ABŞ-ın iqtisadi məqsədlərinə nail ola biləcəyi ehtimalı çox zəifdir, onun sanksiyalar vasitəsilə siyasi hədəflərə çatmayacağı şəksizdir", – deyə yarırəsmi "Təsnim" İnformasiya Agentliyi xəbər verib. "Avropalılar ilk dəfə ABŞ-ın siyasətinə qarşı açıqlama verməklə yanaşı, qadağaların qarşısını almaq və onların nəticələrini kompensasiya etmək üçün alternativ mexanizm yaratmağa meyillidir".
Sanksiyaların ikinci mərhələsi əsasən İranın neft, maliyyə və gəmiçilik sektoruna aid ediləcək. Yeni sanksiyalara əsasən, İranla neft ticarəti və digər sahələrdə ticarət əlaqəsi quran ölkələr də ABŞ sanksiyalarına məruz qalır.
ABŞ-ın hazırladığı yeni qara siyahıya 700-dən çox şəxsin, təşkilatın, təyyarə, gəmi, neft və nəqliyyat şirkətlərinin, böyük bankların adı daxil edilib. ABŞ Maliyyə Nazirliyinin öz saytında yerləşdirdiyi İrana qarşı yeni sanksiyaların mətnində isə siyahıya daxil edilənlərin İran hökuməti, İran Neft Şirkəti (NİOC), "Naftiran İntertreyd Kompani" və İran Mərkəzi Bankıyla bağlı olan insanlar və şirkətlər olduğu bildirilib.
Sanksiyalar İranın neft sektorunu əhatə etməsinə baxmayaraq, ABŞ hələlik bu istiqamətdə Tehranla ticarət həyata keçirən 8 ölkəyə güzəşt tətbiq edib. Bu ölkələrə İrandan neft alışını əhəmiyyətli şəkildə azaltmaları üçün gələn ilin ortalarına qədər vaxt verilib.
İran dünyada üçüncü ən böyük neft ehtiyatı olan ölkə sayılır. Gündəlik 2,87 milyon barrel neft hasil edən Tehran öz ixracatının 1,4 milyon barrelini Çin və Hindistana tədarük edir. Ümumilikdə İran neft ixracatının 60%-ni Çin, Hindistan, Yaponiya və Cənubi Koreyaya həyata keçirir. Yerdə qalan neft isə AB, Türkiyə və BƏƏ-yə ixrac edilir.
Sentyabr ayının göstəricilərinə əsasən, İranın neft ixracı 970 min barel, yəni 34% azalıb. Bəzi ekspertlər bu azalmadan ən çox qazanan ölkələrin Səudiyyə Ərəbistanı, Rusiya və ABŞ olacağını iddia ediblər. Bu ölkələr artıq indidən İrandan sonra boşalan mövqeləri tutmağa və digər ölkələrə öz neftlərini təklif etməyə başlayıblar.
İrana qarşı sanksiyaların bitməsi üçün ABŞ may ayında 12 şərt irəli sürüb. Vaşinqton bu şərtlərin icra ediləcəyi təqdirdə ABŞ-ın İrana qarşı sanksiyaları tam ləğv edəcəyi bildirilib. İran artıq indidən bu şərtlərin heç birinə əməl etməyəcəyini açıqlayıb.
ABŞ İranla bərabər onun müttəfiqlərinə qarşı sərt siyasət tətbiq etməyə başlayıb. Belə ki, hazırkı sanksiyalar qüvvəyə minməzdən öncə ABŞ Hizbullaha qarşı da sanksiyalarını sərtləşdirib.
Xəbər verildiyi kimi dünən ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo çıxış edərək bildirib ki, İran neftinin ixracını əhatə edəcək sanksiyalar noyabrın 5-dən qüvvəyə minəcək. Məqsəd İran neftinin ixracını sıfıra endirməkdir. Pompeo alıcıları ondan imtina etməyə çağırıb.
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib ki, Ağ Ev çalışacaq ki, İranın neftdən gələn gəlirləri minimuma endirilsin: "2016-cı il yanvar ayının 16-dan dayandırılan sanksiyalar yenidən öz qüvvəsi ilə çalışmağa başlayacaq".