Vaşadze niyə məğlub oldu? Dünya

Vaşadze niyə məğlub oldu?

Gürcüstanda prezident seçkisinin birinci turundan sonra müxalifətin namizədi Qriqol Vaşadzenin ikinci turda qələbə çalma ehtimalı yüksək idi. Birincisi, o hakimiyyətin namizədi Salome Zurabişvili ilə faktiki eyni nəticə göstərmişdi. Birinci turda üçüncü yeri tutan müxalifətin digər namizədi David Bakradze ikinci turda tərəfdarlarını Vaşadzeyə səs verməyə çağırmışdı. Digər müxalif namizədlər də Vaşadzeni seçmişdilər. Bakradze 10 faiz səs toplamışdı. Riyazi olaraq tək Bakradzenin səsləri Vaşadenin ikinci turda qələbəsini təmin etməli idi. Etmədi. Vaşadze gözlənilənin əksinə olaraq kifayət qədər böyük fərqlə Zurabişviliyə məğlub oldu. "Atlas" Araşdırmalar Mərkəzi bu məğlubiyyətin əsas səbəbləri belə izah edir:
Birincisi, Bidzina İvanişvili administrativ resurslardan istifadə edərək bütün gücünü və enerjisini Salome Zurabişvilinin qələbəsinə yönəltdi. Çünki, Vaşadze qələbə çalsaydı, İvanişvilinin ağır günləri başlayacaqdı. Vaşadzenin qələbəsindən sonra keçmiş prezident Mixail Saakaşvili vətənə qayıdacaq və növbədənkənar parlament seçkisi tələb edəcəkdi. Bundan başqa Saakaşvili İvanişvili ilə ölüm-dirim mübarizəsinə başlayacaqdı və bu mübarizədə İvanişvilinin qələbə çalmaq ehtimalı yüksək deyildi. Bu təhlükəli ssenarini önləmək üçün İvanişvili qısa vaxt ərzində Zurabişvilinin populyarlığının artırılması istiqamətində var gücüylə çalışdı və nəticə göz qabağındadır.
İkincisi, İvanişvilinin gürcülərin banklara olan 600 milyon dollar borcunun qaytarılması vədi nəticəsini verdi. Bu bir vəddir, hələ yerinə yetirilməyib, yaxın aylarda yerinə yetiriləcəyi də sual altındadır. Ancaq vədin özü insanları düşünməyə vadar etdi və birinci turda Vaşadzeyə səs verənlər ikinci turda şirnikləndirici təklif qarşısında mövqelərini dəyişə bilərdilər.
Üçüncüsü, Vaşadzeyə birinci turda səs verənlər ikinci turda fəal olmadılar, bir hissəsi ümumiyyətlə ikinci turda səsvermə məntəqəsinə yollanmadı. Gələn xəbərlərə görə, birinci turda Bakradze və Vaşadzeyə səs verən Gürcüstan azərbaycanlılarının bir hissəsi ikinci turda fəal olmadılar. Vaşadze elektoratını fəallaşdıra bilmədi.
Dördüncüsü, İvanişvili gürcüləri növbəti Rusiya müharibəsi ilə də qorxuda bilərdi. Yəni guya Saakaşvili qayıtsaydı yenidən Rusiya ilə müharibə başlaya bilərdi. Digər tərəfdən, Azov dənizində son insident də İvanişvilinin işinə yaradı. Yəni gürcülər növbəti Rusiya-Ukrayna qarşıdurmasının Gürcüstanla baş verə biləcəyindən ehtiyat etdilər. 2008-ci il müharibəsi gürcülərin gözünü qorxudub. Bu amilin də ikinci turdakı nəticəyə təsiri oldu.
Vaşadze məğlubiyyət qarşısında nə edəcək?
Mixail Saakaşvili tərəfdarlarını küçəyə etiraza və inqilaba səsləyir. Saakaşvili rahatdır, tapşırıqlarını Hollandiyadan verir. Vaşadze üçün isə qərar vermək çətindir. Əlbəttə, o baş verən saxtakarlıqlara qarşı müvaqimət göstərəcək, ancaq mübarizəni vətəndaş qarşıdurmasına qədər inkişaf etdirəcəkmi? Bu onun üçün çətin sualdır. Çünki polislə qarşıdurmanın uzanması ölüm hallarına, bu isə öz növbəsində vətəndaş müharibəsinə gətirib çıxaracaq. Ona görə də Saakaşvilidən fərqli olaraq Vaşadze tələsik qərar verməyəcək.
O ki qaldı, Azərbaycana, açıq demək lazımdır ki, çoxumuzun simpatiyası Vaşadzenin tərəfində idi. Çünki, Vaşadze Saakaşvilinin tərəfdarıdır və Azərbaycanla strateji əməkdaşlığa, o cümlədən Gürcüstandakı azərbaycanlılara önəm verir. Ancaq Zurabişvilinin prezident seçilməsindən də narahat olmağa dəyməz. Gürcüstanda prezident və baş nazir kim olursa-olsun, Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək məcburiyyətindədir. Çünki, Azərbaycanın iqtisadi dəstəyi olmadan Gürcüstan ayaqda dura bilməz. Bunu İvanişvili və onun tərəfdarları da anlayırlar.
Qeyd edək ki, "Gürcü arzusu"nun dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili Gürcüstanda keçirilmiş prezident seçkilərinin ikinci turunda 59, 56 faiz səs toplayaraq qalib gəlib.
Salome Zurabişvili seçicilərə təşəkkür edib: "Bizim seçim – bərabər hüquqlu vətəndaşları olan azad Gürcüstandır. Mənim seçimim cəmiyyətin mənə səs verməmiş hissəsi ilə dialoqdur. Biz hamımız kiçik bir dövlətin vətəndaşlarıyıq. Birləşməyimiz üçün nə lazımdır onu edəcəyəm".
Bəs yeni prezident kimdir?
Strateq.az bildirir ki, Salome Zurabişvili 18 mart 1952-ci ildə Parisdə gürcü siyasi mühacir ailəsində dünyaya gəlib. Onun babası 1918-20-ci illərdə mövcud olmuş Gürcüstan Respublikasının birinci hökumətinin tərkibində olub. Sovet Rusiyasının Gürcüstanı işğal etməsindən sonra Fransya mühacirət edib. Salome Paris Siyasi Elmlər İnstitutunu və ABŞ-ın Kolumbiya Universitetini bitirib. İki dəfə ərdə olub. İkinci həyat yoldaşı gürcü filosofu, tarixçi və publisist Anri Caşiya 2012-ci ildə vəfat edib. İran-gürcü mənşəli Nikoloz Ququşvili ilə olan birinci nigahından iki övladı var – oğlu Teymuraz və qızı Ketevan.
Teymuraz Nyu-Yorkda yaşayır və BMT-nin missiyasında çalışır. Ketevan isə Fransa tv-lərində idman verilişlərinin aparıcısıdır. Zurabişvili 1974-77-ci illərdə Fransanın İtaliyadakı səfirliyinin 3-cü katibi işləyib. 1974-2004-cü illərdə Fransa XİN sistemində çalışıb. 1977-80-ci illərdə Fransanın BMT-dəki nümayəndəsi olub. 1980-84-cü illərdə Fransanın Strateji Planlaşdırma Mərkəzində fəaliyyət göstərib. 1984-88-ci illərdə Fransanın ABŞ-dakı səfirliyinin 3-cü katibi olub. 1988-89-cu illərdə ATƏT-in Avstriyadakı nümayəndəsi kimi çalışıb. 1990-93-cü illərdə Fransanın Çaddakı səfirliyində işləyib, 1993-96-cı ilərdə Fransanın NATO-dakı daimi missiyasının birinci katibi olub. 1996-2003-cü illərdə Fransa XİN-inin strateji şöbəsində işləyib.
2003-2004-cü illərdə Zurabişvili Fransanın Gürcüstandakı səfiri olub. 2004-cü ildən 2005-ci ilə qədər prezident Saakaşvilinin təklifi ilə Gürcüstanın xarici işlər naziri postunu tutub. Sonradan fikir ayrılığına görə, vəzifədən gedib. Rus ordusunun Gürcüstandan çıxarılması prosesinə rəhbərlik edib. 2005-ci ilin noyabrında Zurabişvili müxalifətçi "Gürcüstan yolu" partiyasını yaradıb. O, 2007-2009-cu illərdə prezident Saakaşviliyə qarşı etiraz aksiyalarında fəal iştirak edib. 2010-cu ilin noyabrında siyasətdən getdiyini bəyan edib.
2010-2015-ci illərdə Salome Zurabişvili BMT-nin Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalar məsələləri üzrə komissiyasında çalışıb. 2013-cü ildə Gürcüstandakı prezident seçkilərində namizəd olmaq istəsə də MSK onu ikili vətəndaşlığına görə qeydə almayıb.
2016-ci ilin oktyabrında Zurabişvili gürcü parlamentinin deputatı seçilib. 2018-ci ilin avqustunda o, seçkidə namizəd olmaq istədiyini açıqlayıb. Bunun üçün Salome Fransa vətəndaşlığından imtina edib. Seçkinin birinci turunda 38, 64 faiz səs toplayaraq ikinci tura keçib.
Zurabişvili Fransanın yüksək mükafatı olan "Legion" ordeni ilə təltif olunub.