Rusiya Ermənistanın qazını kəsəcək Dünya

Rusiya Ermənistanın qazını kəsəcək

Rusiyalı iqtisadçı Konstantin Simonov erməni mediasına müsahibə verərkən Ermənistana 2019-cu ildə veriləcək qazın tarif qiymətinin artması mümkünlüyünə də toxunub. Bu barədə Ermənistanın "168 jam" nəşri yazır. Nəşrin qeyd etdiyinə görə, rusiyalı iqtisadçı erməni-rus münasibətlərində cərəyan edən soyuq münasibətləri əsas gətirərək bildirib ki, qazın tarif qiymətinin artırılması Ermənistan-Rusiya siyasi münasibətlərindən asılıdır ki, bu amilə iqtisadiyyatı da əlavə etmək olar. "Bu məsələyə yenidən baxılma mərhələsi gedir və qiymətin enib-enməməsi mövcud münasibətlərdən asılıdır ki, bu da həmin mərhələdən sonra bəlli olacaq", deyə Simonov erməni qəzetinə müsahibəsində bildirib.
O, həmçinin qeyd edib ki, hazırkı məqamda ölkələr arasında problemlər yaranıb və bu problemlər zaman-zaman ikitərəfli münasibətlərdə özünü göstərir: "Tərəflər yaranmış problemlərdən dolayı həll yollarını tapmağa cəhd edirlər və onlardan biri də qaza qoyulan qiymətlə bağlıdır ki, bu da həmin münasibətlərdə özünü göstərəcək. Bəllidir ki, Ermənistan hakimiyyəti də qazın qiymətinin endirilməsi barədə fikirlərini bildirib. Hamı ucuz qaz istəyir, lakin qaza qoyulan qiymətin özü də bir siyasətdir. Rusiya bu vasitə ilə özünün daha geniş siyasətini dəqiqləşdirir".
Rusiyalı iqtisadçı mövcud vəziyyətdə tərəflərin yaranmış problemin nə qədər həll olunduğunun aydınlaşmadığını deyib və ümumilikdə bu problemlərin qaldığını bildirib. "Bu baxımdan, tərəflərin hansı razılığa gələ biləcəkləri ilə bağlı indidən nəticə çıxarmaq çətindir", Simonob qeyd edib. O, iqtisadi məsələlərdə kifayət qədər masştablı işlərin aparılması vacibliyini də bildirib.
Maraqlıdır ki, digər rusiyalı analitiklər də eyni fikirləri bölüşürlər və bunu Ermənistanın Rusiyaya münasibətdə yaratdığı problemlərlə əlaqələndirirlər.
"Qazın tarif qiyməti ilə bağlı məsələ iqtisadiyyatdan daha çox siyasi məsələlərə söykənir". Belə ki, Rusiyanın siyasi analitiki Stanislav Tarasov bu sözləri erməni nəşrinə deyib. O, hesab edir ki, qazın tarifi ilə bağlı danışıqlar – yəni qəbul ediləcək qərar erməni-rus münasibətlərinin mövcud keyfiyyətini göstərəcək. Belə ki, hələ də heç nə aydın deyil.
Tarasov qiymətin endirilməsi ilə bağlı heç nə deməyərək, qiymətin artması mümkünlüyünə işarə edib. "Ümid edirəm ki, erməni istehlakçısı hər hansı bir qərardan rahatsız olmayacaq. Lakin mən istisna etmirəm ki, qazın qiyməti artacaq", deyən rus analitiki qarşıda aparılacaq danışıqların erməni-rus münasibətlərinin daha ciddi məsələlərdə indikatoru olacağını bildirib.