“Rusiya Gürcüstanı yenidən cəzalandıracaq” Dünya

“Rusiya Gürcüstanı yenidən cəzalandıracaq”

“Ermənistanda baş verən "məxməri" inqilabı və Gürcüstanda yaşanan hadisələri Ukrayna böhranından bu günə qədər davam edən proseslərin təzahürü kimi qiymətləndirə bilərik. Ukrayna böhranından sonra Qərb Rusiyanı sıxışdırmaq üçün alternativ olaraq Ermənistan hadisələrini təhrik etdi. Bu baxımdan Ermənistanda baş verən hadisələri bu şəkildə izləmək və meydana gələn hadisələrdə ABŞ-ın əlinin olduğunu ifadə etmək olar”.
Bunu qəzetimizə açıqlamasında ekspert Rauf Məmmədov bildirib.
O, qeyd edib ki, Ermənistanda meydana gələn küçə nümayişlərinin nəticəsindəki iqtidar dəyişiminin altında Qərbin Ukrayna böhranı zamanı Rusiyaya qarşı yeni cəbhələr açma strategiyasının olduğu görülür: “Fikrimcə, bu gün Gürcüstanda da baş verən hadisələrlə Ermənistandakı hadisələrə bənzərliyin olduğunu müşahidə etmək olar. Gürcüstanda hökümətlə prezident arasında bəzi məsələlərdə anlaşılmazlıqların ortaya çıxması və rus millət vəkilinin iclası aparması baş verən böhranın mahiyyətcə görünən tərəfi olsa da, əslində xalq tərəfindən Rusiyanın Gürcüstan siyasətinə qarşı etiraz əlaməti olaraq nümayişlərin başladıldığını qeyd edə bilərik. Rusiya isə öz növbəsində Gürcüstanda baş verən hadisələrə müdaxilə etmək üçün hər yola əl atacaqdır. Gürcüstanda baş verən siyasi böhran uzanarsa və Rusiyaya qarşı çıxan müxalifət qüvvələrin qalib gəlməsi prosesi baş verərsə, o zaman Rusiya əlindəki ən əsas kartları oynamaq məcburiyyətində qalacaqdır. Yəni Rusiya təsirinin güclü olduğu Cavaxetiya ərazisində yeni münaqişə ocaqlarının yaranması ehtimalı çox yüksələcəkdir. Belə olan təqdirdə Gürcüstanın dövlət kimi varlığı təhlükə altına düşəcəkdir”.
Ekspert bildirib ki, uzun illərdir ermənilər tərəfindən Cavexetiyaya qarşı torpaq iddiası irəli sürülməkdədir. Belə olan halda Rusiya bu amildən istifadə edərək buradakı böhranı yenidən qızışdırmaqla Gürcüstanı cəzalandırmaq istəyəcəkdir. Onsuz da orada kompakt şəkildə yaşayan ermənilər bu günü səbirsizliklə gözləyirlər. Bir sözlə, Rusiya Cavaxetiya böhranını yenidən qızışdırmaqla bir neçə qazanc əldə edə bilər: “Birincisi, Rusiya siyasətinə qarşı çıxış etdiyinə görə bu formada Gürcüstanı cəzalandırmaq. İkincisi, Ermənistan ilə Gürcüstan arasında movcud olan münasibətlərə zərbə vurmaq. Üçüncüsü, Rusiyanın Ermənistanda zəifləyən imicini bərpa etmək məqsədilə Cavaxetiyada yaşayan ermənilərə dəstək vermək. Dördüncüsü, ərazidə qeyri-sabitlik yaratmaqla iri iqtisadi layihələrin, Cənubi Qafqazdan Avropaya hərəkət edən marşrut üzərində nəzarət. Heç şübhəsiz Borçalıdakı vəziyyətlə Cavaxetiyadakı separatist tendesiyaları müqayisə etsək sonraki proseslərdə oxşar olmasa da, vəziyyəti yerindən oynadacaq məqamlar movcuddur. Bölgədə mövcud olan sosial-iqtisadi problemlər, gürcü milliyətçiliyinin yenidən baş qaldırılması, erməni teroristə abidə ucaldılması, Azərbaycan-Gürcüstan sərhədindəki ərazi iddiası məsələsi bunun üçün müxtəlif həssaslıqlar yaradır. Hesab edirəm ki, Rusiyanın Borçalı ərazisində baş verən proseslərə təsir etmək rıçaqları da kifayət qədərdir. Azərbaycan ilə Gürcüstan arasında ortaya çıxan və yenidən qızışdırılmağa çalışılan bu gərginliyin arxasında ABŞ-ın İranı regiondan təcrid etmək siyasəti durduğunu unutmaq olmaz”.
Beləliklə, Rusiya Borçalı böhranı ilə Gürcüstanı cəzalandırmaq, Bakı-Tbilisi əlaqələrinə zərbə vurmaq, son 30 ildə regionda Rusiya-İran-Ermənistan ittifaqına qarşı olaraq görülən və siyasi, iqtisadi uğurlar qazanan Azərbaycan-Gürcüstan-Türkiyə strateji ittifaqını parçalamaq, Borçalı azərbaycanlılarını dəstəkləməklə Azərbaycan ictimai rəyində müsbət rəy formalaşdırmaqdır. Belə olan halda Azərbaycan və Türkiyə Gürcüstandakı hadisələrlə əlaqədar öz qətiyyətli mövqeyini nümayiş etdirməlidir. Əks halda baş verən hadisələrin gələcək Qafqazı daha böyük fəlakətlərə aparması deməkdir.
Xatırladaq ki, Gürcüstanda rus deputata etiraz aksiyalarının nəticəsi olaraq spiker istefa verib, İvanaşvili 2020-ci il parlament seckilərində proporsional seçki sisteminin tətbiqi şərtini qəbul edib, amma aksiyalar davam edir, əhali daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edir.