“Dövlətdən və hakimiyyətdən heç nə gözləmirəm” Dünya

“Dövlətdən və hakimiyyətdən heç nə gözləmirəm”

Erməni hərbçi: “Ermənistanda hərbi qulluqçulara hörmət qoyulmur”

“2016-cı ilin aprel döyüşlərində oğlumun döyüş növbətçiliyində olması barədə sənədləri təqdim etmişəm. Oğlumun hərbi biletində müvafiq qeydlərin aparılmasını tələb etsəm də, problem hələ də həll olunmamış qalır”.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin inzibati binası qarşısında aclıq aksiyası keçirən Geğarqunik vilayətinin Kəvər şəhər sakini Erem Qaloyan deyib.
Onun sözlərinə görə, nazirlik oğlunun hərbi biletində müvafiq qeydləri aparmaqdan imtina edərək onu get-gələ salıb.
“Oğlum Gevorq Qaloyan 2016-cı ilin aprel döyüşlərində ön xəttdə iştirak edib. Lakin Müdafiə Nazirliyi hər hansı əsaslandırma olmadan hərbi biletində müvafiq qeydləri aparmaqdan imtina edir.
O, aprel döyüşləri dövründə əldə etdiyi səhhətindəki problemləri həll etmək üçün imtiyazlar qazanmaq məqsədi ilə hərbi biletində müvafiq qeydlərin aparılmasına ümid etsə də, apardığı mübarizə nəticəsiz qalmaqdadır. Bu problemin həlli ilə bağlı Müdafiə Nazirliyinə yazılı müraciət edilib”, - deyə Qaloyanın atası çıxış yolu olmadığını xatırladır.
Ermənistan Müdafiə Nazirliyindən verilən cavabda bildirilir ki, aparılan əlavə araşdırmalar nəticəsində Gevorq Qaloyanın hərbi biletində döyüş əməliyyatlarında iştirak etməsinə dair qeydlərin aparılması üçün əsas yoxdur.
Ermənistanda müvafiq qanunvericiliyə əsasən müddətli xidmət hərbi qulluqçularının hərbi biletlərində döyüş əməliyyatlarında iştirak etmə haqqında qeydlər yalnız 2-6 aprel 2016-cı il tarixlərində baş verən döyüş əməliyyatlarında iştirak etdiyi halda yazılır.
Ermənistan Baş Qərargah rəisinin müvafiq göstərişinə əsasən hərbi qulluqçuların hərbi biletlərində müvafiq qeydlər 19916 nömrəli hərbi hissənin (Qarabağda dislokasiya olunan hərbi birləşmə) komandiri tərəfindən təqdim edilən siyahı əsasında həyata keçirilir.
Eyni zamanda Ermənistan Müdafiə nazirinin 2018-ci ilin dekabrın 12-də qəbul etdiyi müvafiq qərara əsasən hərbi qulluqçuların hərbi biletində hərbi əməliyyatlarda iştirak etmə haqqında qeydlər yalnız adı çəkilən hərbi qulluqçunun baş vermiş döyüş əməliyyatlarında birbaşa iştirak etdiyi halda aparılır.
Bununla da Ermənistan Müdafiə Nazirliyi aprel döyüşlərində iştirak edən hərbi qulluqçuların hərbi biletlərində müvafiq qeydlərin aparılmasını döyüş əməliyyatı və döyüş növbətçiliyi olmaqla 2 hissəyə ayırıb.
Ermənistanda aprel döyüşlərinin iştirakçısı Hayk Sexliyan da hökumətin laqeyid münasibətindən şikayətlənir. Onun sözlərinə görə, Ermənistanda müalicə almağa cəhd edən şəxs həkimlərin əlində şikəst qalacaq.
“Mən həyatım üçün dövlətdən və hakimiyyətdən heç nə gözləmirəm. Bunun üçün dostlarım bu aksiyaya başladı. Mənim müalicəm üçün 35 min avro tələb olunur. Hazırda hesabıma cəmi 375 dolar pul köçürülüb.
3 il Ermənistanda müalicə almağa cəhd etmişəm, lakin son bir ildə həkimlər bildirdilər ki, məni burada müalicə edə bilməzlər. Ötən ilin noyabrında Almaniyaya getmişdim. Mütəxəssislər bildirdilər ki, altı həftəlik müalicə nəticəsində məni tam müalicə edə bilərlər”, - deyə 33 yaşlı erməni hərbi qulluqçu bildirib.
O qeyd edib ki, Səhiyyə Nazirliyinə müraciət edib, lakin Almaniyaya göndərilməsi məsələsində ona dəstək verilməyib.
“Ermənistanın bütün reabilitasiya mərkəzlərində olmuşam. Deyirlər, reabilitasiya müalicəsi burada da mümkündür. Reabilitasiya mərkəzi komissiya yaradır, komissiyanın həkimləri isə deyir ki, müalicə edə bilmərik. Həkimlər üç dəfə həm yazılı, həm də şifahi şəkildə bildiriblər ki, biz imtina edirik.
Səhiyyə Nazirliyi məktubu rədd edərək müalicənin Ermənistanda da olduğunu bildirir. Deyirəm, üç il bütün reabilitasiya mərkəzlərində olmuşam. İrəliləyiş əldə etmişəm, indi isə elə bir səviyyəyə gəlib çatmışam ki, bundan sonra burada mənə heç nə edə bilməzlər. Əgər 8 ay əvvəl Almaniyaya getsəydim, indi hər kəs kimi gəzərdim. Düşünürdüm ki, qoy bir il gec olsun, amma Ermənistanda olsun. Burada bundan artığını etmək mümkün deyil”, - deyə Hayk Ermənistanda hərbi qulluqçulara hörmət qoyulmadığını diqqətə çatdırıb.