“Yunanıstan TAP-ın əsas çıxış nöqtələrindəndir” Gündəm

“Yunanıstan TAP-ın əsas çıxış nöqtələrindəndir”

“Yunanıstanın Azərbaycandan təbii qaz idxalını 16 faiz artırması Azərbaycanın Avropa enerji bazarındakı rolunun tədricən genişləndiyini göstərir. Bu artım xüsusilə vacibdir, çünki Azərbaycan qazı Yunanıstana Cənub Qaz Dəhlizi və TAP vasitəsilə çatdırılır və həmin infrastruktur Azərbaycan qazının Cənub-Şərqi Avropanın digər bazarlarına çıxışını da təmin edir. TAP 2026-cı ildən etibarən illik ötürmə imkanını daha 1,2 milyard kubmetr artırıb. Bu, Azərbaycanın enerji siyasəti baxımından Avropa istiqamətinin daha da möhkəmlənməsi deməkdir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli deyib.

A.Nəsirli bildirib ki, Avropa İttifaqı Azərbaycan qazını enerji təchizatının mənbə və marşrutlar üzrə şaxələndirilməsində mühüm element kimi qiymətləndirir: “2025-ci ildə Azərbaycan və SOCAR Avropa İttifaqı ölkələrinə 12,5 milyard kubmetr qaz tədarük edib. Bu da 2021-ci illə müqayisədə 53,8 faiz çoxdur. Yunanıstana ixracın artması həm də Azərbaycanın qaz satış coğrafiyasını genişləndirmək imkanının olduğunu göstərir. Yunanıstan TAP-ın əsas çıxış nöqtələrindən biridir və bu ölkənin enerji infrastrukturu vasitəsilə Azərbaycan qazının Bolqarıstan və digər Cənub-Şərqi Avropa bazarlarına çıxışı mümkündür”.

O əlavə edib ki, lakin burada əsas məsələ yalnız qaz ixracının həcmini artırmaq deyil: “Azərbaycanın neft hasilatının azalması fonunda qaz ixracının artması müəyyən kompensasiya yarada bilər, amma uzunmüddətli perspektivdə qaz da məhdud resursdur. Buna görə Azərbaycan qaz gəlirlərindən istifadə etməklə qeyri-neft sektorunu, bərpa olunan enerjini və elektrik enerjisi ixracı imkanlarını inkişaf etdirməlidir. Beləliklə, enerji siyasəti təkcə daha çox qaz satmağa deyil, Azərbaycanın Avropanın enerji sistemində daha geniş və uzunmüddətli rol qazanmasına xidmət edə bilər”.

Röya İsrafilova