
Mütərəqqi islahatlar, davamlı iqtisadi artım və strateji coğrafi mövqe Azərbaycanı regionun lider dövlətindən qlobal investisiya mərkəzlərindən birinə çevirib. Məhz bu reallıqların fonunda Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin qlobal iqtisadiyyatdakı mövqeyinin güclənməsini, zəngin investisiya potensialını və gələcək inkişaf prioritetlərini nümayiş etdirən strateji məkana çevrildi. Prezident İlham Əliyevin tədbirdəki proqram xarakterli çıxışı milli iqtisadiyyatımızın keçdiyi uğurlu yolu, mövcud imkanları və gələcək hədəfləri əhatəli şəkildə ortaya qoydu. Dövlət başçısının nitqində xüsusilə vurğulanan məqamlardan biri Azərbaycanın cəlbedici investisiya mühitinin dərin və konseptual təməllərə söykənməsidir. İllər boyu formalaşmış siyasi və iqtisadi sabitlik, müstəqil maliyyə dayaqları, müasir infrastruktur və şəffaf biznes mühiti bu gün ölkəmizi xarici investorlar üçün ən etibarlı tərəfdaşlardan birinə çevirib.
Xalqcebhesi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
K.Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin forumdakı konseptual çıxışı milli iqtisadiyyatın keçdiyi uğurlu yolu, mövcud potensialı və gələcəyə hesablanmış strateji addımları hərtərəfli şəkildə ortaya qoyur. Dövlət başçısının nitqində xüsusi qeyd olunan əsas ideyalardan biri ölkədəki sağlam investisiya iqliminin təsadüfi xarakter daşımaması, ardıcıl dövlət siyasətinin məntiqi nəticəsi olmasıdır. İllər ərzində bərqərar olunmuş siyasi-iqtisadi sabitlik, müstəqil maliyyə imkanları, sürətlə yenilənən infrastruktur və proqnozlaşdırılan biznes mühiti bu gün Azərbaycanı xarici investorlar üçün ən etibarlı tərəfdaşlardan birinə çevirib. Azərbaycan iqtisadiyyatının formalaşmasında və inkişafında neft-qaz sektorunun tarixi, eləcə də strateji rolu danılmazdır. Cənab Prezidentin çıxışında bu sahənin yaxın gələcəkdə ölkə iqtisadiyyatındakı aparıcı mövqeyini qoruyub saxlayacağı xüsusi qeyd olunub.
Bununla yanaşı, nitqin mühüm bir hissəsi qeyri-neft iqtisadiyyatının yüksəlişinə, yeni investisiya prioritetlərinin müəyyənləşdirilməsinə və mövcud potensialdan maksimum səmərəli şaxələnməyə həsr edilib. Dövlət başçısının təqdim etdiyi strategiyaya uyğun olaraq, bərpaolunan enerji, logistika və nəqliyyat, mədənçilik, rəqəmsal iqtisadiyyat, süni intellekt, data mərkəzləri, eləcə də kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi Azərbaycanın qarşıdakı dövr üçün əsas investisiya hədəfləri kimi müəyyənləşdirilib. Bu addım resurs gəlirlərinin innovativ və gələcəyə hesablanmış sahələrə yönəldilməsi prinsipinə dayanan uzaqgörən iqtisadi siyasətin davamıdır.
Ölkəmizin enerji strategiyasında yeni mərhələnin ana xəttini bərpaolunan enerji potensialının ümumi iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilməsi təşkil edir. Prezident İlham Əliyev çıxışında Xəzərin Azərbaycan sektorunda 157 giqavatlıq külək enerjisi potensialının olduğunu xüsusi vurğulayıb. Bu möhtəşəm göstərici Azərbaycanın təkcə ənənəvi karbohidrogen resursları ilə deyil, həm də yaşıl enerji sahəsində qlobal miqyasda böyük imkanlara malik olduğunu sübut edir. Əsas məqam odur ki, bərpaolunan enerji sektoru yalnız daxili tələbatın qarşılanması çərçivəsində dəyərləndirilmir. Azərbaycanın strateji hədəfi yeni yaradılan enerji gücləri hesabına elektrik enerjisi ixracatçısı kimi beynəlxalq mövqeyini daha da möhkəmləndirməkdir.
Deputat diqqətə çatdırıb ki, bu istiqamətdə təkcə enerji istehsalı deyil, həm də ötürücü şəbəkələrin, enerji saxlanma sistemlərinin və regional interkonnektorların inkişafı xüsusi strateji çəkiyə malikdir. Xüsusilə Mərkəzi Asiya, Azərbaycan və Avropa arasında vahid elektrik enerjisi dəhlizinin qurulması istiqamətində atılan addımlar ölkəmizin qlobal enerji xəritəsindəki yerini daha da möhkəmləndirir. Eyni zamanda, Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan elektrik kabeli layihəsi Azərbaycanın Avropanın enerji bazarlarına birbaşa çıxış imkanlarını genişləndirmək baxımından müstəsna əhəmiyyət kəsb edir.
Dövlət başçısının çıxışında ölkəmizin gələcək iqtisadi inkişafının digər mühüm dayağı kimi logistika, nəqliyyat və kommunikasiya bağlantıları xüsusi qeyd edilib. Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat koridorlarının əsas qovşağına çevirir. Lakin yalnız coğrafi üstünlük tranzit potensialının tam gerçəkləşməsi üçün kifayət etmir. Bu üstünlüyü real iqtisadi dividentə çevirmək üçün müasir infrastruktur, çevik sərhəd-gömrük mexanizmləri, rəqəmsal texnologiyalar, inkişaf etmiş liman və dəmir yolu şəbəkəsi, eləcə də sıx regional əməkdaşlıq tələb olunur. Son illərdə qoyulan irimiqyaslı investisiyalar məhz bu möhkəm bazanın formalaşdırılmasına xidmət edir.
Dəmir yolu xətlərinin modernləşdirilməsi və elektrikləşdirilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürücülük qabiliyyətinin artırılması, müasir magistral yolların və beynəlxalq hava limanlarının istifadəyə verilməsi Azərbaycanın tranzit-logistika imkanlarını ən yüksək səviyyəyə qaldıran həlledici amillərdir.
Cavid