“Ölkəmiz xarici sahibkarlar üçün cəlbedicidir” Gündəm

“Ölkəmiz xarici sahibkarlar üçün cəlbedicidir”

“Azərbaycan iqtisadiyyatına xarici sərmayənin cəlb edilməsi bütövlükdə cənab Prezident tərəfindən müəyyənləşdirilmiş yeni hədəflərin əsas istiqamətlərindəndir. II Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi və bu tədbirdə Azərbaycan Prezidentinin iştirakı bir daha təsdiq edir ki, Azərbaycan dünyanın qlobal aparıcı şirkətləri ilə əməkdaşlığı gücləndirir və daha çox sərmayənin cəlb edilməsi istiqamətində praktik olaraq həm investisiya mühitinin yaxşılaşdırılması, həm də xarici iş adamları üçün yeni çevik mexanizmlərin tətbiqini reallaşdırır. Forumda kifayət qədər aparıcı şirkətlərin iştirakını nəzərə alsaq və eyni zamanda 30 trilyon dollarlıq investisiya potensiyalı olan şirkətlərin Azərbaycana gəlməsi ondan xəbər verir ki, ölkəmiz xarici sahibkarlar üçün cəlbedicidir”.

Bu fikirləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputat vurğulayıb ki, bu, əslində, Azərbaycanın 30 trilyon dollarlıq sərmayənin ünvanına çevrilməsi anlamına gəlir: “Bu, xüsusən də qeyri-neft-qaz sektoruna həmin şirkətlər vasitəsilə daha çox investisiyanın cəlb edilməsinə gətirib çıxaracaq. Nəzərə alsaq ki, I forumda imzalanan sazişlər qeyri-neft sektoruna daha çox sərmayənin cəlb edilməsinə imkan yaratdı. Ümumiyyətlə, 2025-ci ildə Azərbaycanda sərmayə qoyuşlarındakı artımlar birbaşa xarici investisiya həcminin artması ilə bağlı oldu. Nəzərə alsaq ki, I İnvestisiya Forumu da məhz bu rəqəmlərə birbaşa təsir göstərdi. Azərbaycan iqtisadiyyatına 34,2 milyard manat investisiya cəlb edilib. Onun 16,7 milyard manatı və ya 9,8 milyard dolları xarici investisiyalar idi”.

V.Bayramovun sözlərinə görə, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına cəlb edilən xaricin investisiyanın həcmi 17 faiz artdı: “Təbii ki, “BlackRock” və digər kifayət qədər böyük data mərkəzlərinin, xüsusən də rəqəmsal və süni intellektlə məşğul olan şirkətlərin Azərbaycana gəlməsi və forumda iştirakı həm də Azərbaycanda rəqəmsal inkişafla bağlı müəyyənləşdirilmiş hədəflərin reallaşmasına dəstək olacaq. Azərbaycan regionda süni intellekt mərkəzi habına çevrilməyi hədəfləyən ölkələrdəndir və bunun üçün xarici sərmayənin və data mərkəzlərinin yaradılması çox vacibdir. Bu kontekstdən həmin şirkətlərlə əməkdaşlıq bütövlükdə rəqəmsal ekosistemin formalaşmasına və inkişafına xüsusi dəstək verəcək. Eyni zamanda, Azərbaycanın beynəlxalq hesabatlarda reytinqinin yaxşılaşması da xarici investisiya cəlbini stimullaşdırır. Həm nəzərə alsaq ki, Dünya Bankının, həm digər aparıcı qurumlar tərəfindən hazırlanan hesabatlarda Azərbaycanın investisiya cəlbediciliyinin artması müşahidə olunur. Təbii ki, bu da ölkə iqtisadiyyatına daha çox xarici sərmayənin cəlb edilməsinə imkan yaradır”.

Röya İsrafilova