Aİ NATO-nun 4-cü maddəsinin analoqu olan təhlükəsizlik protokolunu hazırlayır Dünya

Aİ NATO-nun 4-cü maddəsinin analoqu olan təhlükəsizlik protokolunu hazırlayır

Avropa İttifaqı NATO haqqında Şimali Atlantik Müqaviləsinin 4-cü maddəsinə bənzər yeni təhlükəsizlik protokolu hazırlayır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Financial Times" avropalı diplomatlara istinadən yazır.

NATO-nun 4-cü maddəsi hər hansı üzv dövlət öz ərazi bütövlüyünün, siyasi müstəqilliyinin və ya təhlükəsizliyinin təhdid altında olduğunu hesab etdiyi halda alyans ölkələri arasında məsləhətləşmələrin keçirilməsini nəzərdə tutur. Eyni zamanda, 5-ci maddədən fərqli olaraq, bu maddə hərbi gücün avtomatik tətbiqini ehtiva etmir.

FT-nin məlumatına görə, Aİ-də hər kəs yeni mexanizm ideyasını dəstəkləmir. Bəzi avropalı diplomatlar ayrı-ayrı protokolun zəruriliyini anlamadıqlarını və bunun NATO-nun mövcud mexanizmlərini təkrarlaya və ya onlarla rəqabət apara biləcəyindən ehtiyat etdiklərini bildiriblər.

NATO-nun 4-cü maddəsi alyansın bütün tarixi ərzində doqquz dəfə, o cümlədən iki dəfə keçən il tətbiq olunub.

Aİ-nin 4-cü maddənin analoqu olan öz reaksiya mexanizmini hazırlamaq təklifi ilə daha əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen çıxış etmişdi. Onun sözlərinə görə, Avropa İttifaqı silahlı təcavüz səviyyəsinə çatmayan, lakin milli təhlükəsizliyə təhdid yaradan insidentlər zamanı fəaliyyət qaydasını razılaşdırmalıdır.

FT-nin məlumatına görə, Aİ-nin yeni qaydalar toplusu ilə bağlı məsələnin sentyabrın 28-də müzakirə edilməsi planlaşdırılır.

Məryəm Quliyeva